Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə açıq dərs keçirilib. Dərsdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin və M.Füzuli adına “Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi”nin nəzdindəki “Azərbaycan dili” kursunun tələbələri iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cari ildən fəaliyyət göstərən “Azərbaycan dili” kursunda soydaşlarımızla yanaşı özbək gənclər də Azərbaycan dilini öyrənir.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva gənclərə Azərbaycan əsgər və zabitlərinin 44 günlük Vətən Müharibəsində göstərdikləri şücaətdən danışıb, 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinə silinməz hərflərlə yazıldığını söyləyib.
Tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki “Şəhidlər bağı”na və Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb. Həmçinin Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyini, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyini, Azərbaycan Xalçaları Muzeyini ziyarət ediblər.
Gənclər daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunmuş konsertə qatılıblar.
Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Özbəkistanın xalq artisti Jenisbek Piyazov, “Özbəyim” gənclər Ansamblı, azərbaycanlı saz ifaçısı İlham-Şahin Abdullayev, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupu çıxış edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin