https://innews.media/uploads/news/2024-11/_innews_d9706bf0d5465767da426dfba_o.jpg
Torontoda Azərbaycan Evinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş fotosərgi keçirilib.
“Hər daşında bir hekayə – Azərbaycan” adlı sərgidəki fotoların müəllifi Kanadada yaşayan gənc soydaşımız İsmayıl Hüseynovdur. O, Diasporla İş üzrə Dövlət Komitəsinin Laçın şəhərində keçirdiyi Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı olub və işğaldan qurtulan torpaqlarımıza səfər edib. Həmin səfər zamanı çəkdiyi fotolar sərgidə nümayiş olunub. Fotolarda Qarabağda yerləşən, Ermənistanın işğalı nəticəsində vandalizmə məruz qalan Azərbaycan mədəniyyət abidələri və tarixi məkanları əks olunub.
Açılış mərasimindəki çıxışında İsmayıl Hüseynov Azərbaycanın qəhrəman oğullarının azad etdiyi Qarabağa səfərindən, doğma torpaqların dəyərindən və orada aparılan yenidənqurma, bərpa işlərindən danışıb.
Torontodakı Azərbaycan Evinin “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin hazırladığı rəqslər tədbirə xüsusi rəng qatıb. Rəqslərə Bakı Xoreqorafiya Məktəbinin məzunu, Azərbaycan Opera və Balet Teatrının keçmiş solisti Orxan İslamov quruluş verib.
Tədbirdə, həmçinin Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə El TV-nin hazırladığı “Vətən müharibəsi-Dəmir yumruq” adlı film nümayiş etdirilib.
Qeyd edək ki, Toronto Azərbaycan Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2023-cü ilin aprel ayından fəaliyyət göstərir. Onlarla Kanada rəsmisi Azərbaycan evinin qonağı olub və onlara xalqımızın qədim tarixi, zəngin mədəni irsi və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.