İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb.
Oktyabrın 30-dan start götürmüş turnirə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.
İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında baş tutub. Turnirin final oyunu isə 8 Noyabr – Zəfər Günündə baş tutub. Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Xocavənd” komandası qələbə qazanaraq, “Zəfər Kuboku”nun sahibi olub.
Turnirin bağlanış mərasimində Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək, qalib komandanın üzvlərini təbrik edib və “Xocavənd” komandasına “Zəfər Kuboku”nu təqdim edib. Turnirdə iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.
Turnirdə iştirak edən azərbaycanlı gənclər öz növbəsində bu gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, bu kimi idman tədbirlərinin mütəmadi keçirilməsini arzu ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin