"Durğun iqtisadiyyat və zəif müdafiə sənayesinə malik Avropa Ukraynanın tələblərini qarşılaya bilməyəcək. Buna görə də, köməksiz qalan Ukrayna müharibəni dayandıracaq".
Bunu ekspert Fərid Əliyev ABŞ-nin yeni prezidenti Donald Trampın "prezident seçildikdən sonra Rusiya-Ukrayna hərbi qarşıdurmasını dayandıra bilərəm" açıqlamasını Milli.Az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukrayna üçün artıq "bayram" sona çatdı:
"Bildiyimiz kimi bu ilin əvvəlində ABŞ Konqresi Ukraynaya 60 milyard dollarlıq hərbi təchizat ayıran xarici yardım paketini nəzərdən keçirərkən, Tramp yardımın qrant kimi deyil, kredit kimi ayrılmasını təklif edərək, prosedura təsir göstərməyə çalışmışdı.
"Biz heç vaxt geri qaytarılma ümidi olmadan və ya "şərtlər" olmadan pul verməməliyik", "Birləşmiş Ştatlar artıq "axmaq" olmamalıdır" ifadələri də Donald Trampa aiddir. O, yardım paketinə istinadən Ukrayna prezidenti Vladimir Zelenskini "bəlkə də indiyə qədərki ən yaxşı siyasətçi" adlandırıb. Çünki "Hər dəfə ölkəmizə gələndə 60 milyard dollarla ayrılır" ifadələrini işlədib. Düşünürəm ki, o, Ukrayna-Rusiya müharibəsində Ukraynaya bir qəpik belə verməyəcək. Durğun iqtisadiyyat və zəif müdafiə sənayesinə malik Avropa da bütün yükü öz üzərinə götürə bilməyərək, ABŞ-dan qalan boşluğu doldura bilməyəcək. Beləliklə, müharibə bitəcək, çünki Ukraynanın Amerikanın dəstəyi olmadan öz ayaqları üzərində dura bilməyəcəyi göz qabağındadır".
Xəyal Abdullayev
Milli.Az
Ən son xəbərləri səhifəmizdən də izləyin