Dövlət Turizm Agentliyinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni turizm bələdçilərinin hazırlanması məqsədilə keçirilən təlimlər başa çatıb.
Təlimlər nəzəri və praktiki hissələrdən ibarət olub və Ümumdünya Bələdçilər Federasiyasının təyin etdiyi standartlar əsasında Azərbaycan Turizm Bələdçilər Assosiyasiyası tərəfindən keçirilib.
Təlimlər Qarabağın tarixi və abidələri, bələdçilik peşəsi haqqında məlumatlar, beynəlxalq bələdçilik texnika qaydaları, turistik məkanları və obyektləri düzgün təsvir etmək, tur marşrutu tərtib və təqdim etmək, turistik məkanları və obyektləri düzgün təsvir etmək, həyacanı idarə etmək, səsi idarə etmək, sualları doğru cavablandırmaq, turistlərlə və xüsusilə həssas turistlərlə davranış qaydaları kimi mövzuları əhatə edib.
Təlimlərin nəzəri hissəsi Naftalan şəhərində, praktiki hissəsi isə Qarabağın turizm potensiallı ərazilərində, həmçinin Gəncə və Bərdə şəhərlərində baş tutub.
İştirakçıları şəhadətnamələrin və təlimə qatılmaları haqqında sertifikatların təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3589 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planınına nəzərdə tutulan “Turizm sənayesi subyektlərinə təlimlərin keçirilməsi” bəndinə əsasən təşkil edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin