Almaniyanın Lemqo və Detmold şəhərlərində həmin ölkədə yaşayan azərbaycanlı bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının, “Qadınlar Musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının, Paderborn Universitetinin dosenti Xədicə Zeynalovanın təşkilatçılığı və rəhbərliyi ilə “Məryəm Ana” (“Ave Mariya”) adlı konsert keçirilib.
Konsertlərdə Xədicə Zeynalovanın təsisçisi və bədii rəhbəri olduğu “Səsin körpüsü” (“Bridge of Sound”) beynəlmiləl ansamblının və solistlərin ifasında bəstəkarın xalq mahnıları ilə eyniadlı “Ay Dilbər” və “Ay Laçın” əsərləri ifa edilib. Xədicə Zeynalova “Ay Dilbər”də Azərbaycan xalq mahnıları “Qaladan qalaya”, “Mürsəl” və “Ay Dilbər”i, “Ay Laçın”da isə “Bayatı-Şiraz” muğamı ilə xalq mahnısı “Ay Laçın”ı birləşdirərək yeni əsərlər yaradıb.
Konsertdə bəstəkarın 3 solist (soprano, messo-soprano, tenor), orqan və ansambl üçün bəstələdiyi, bəşəriyyəti və dinləri musiqi vasitəsi ilə birləşdirən “Məryəm Ana” (“Ave Mariya”) əsəri “Səsin körpüsü” beynəlmiləl ansamblının ifasında ilk dəfə səsləndirilib.
Xədicə Zeynalova “Məryəm Ana” əsərini 2020-ci ildə bəstələdiyini, bu əsərinin bəşəriyyəti tolerantlığa və sülhə çağırış ifadə etdiyini bildirib.
Bəstəkar Azərbaycan Respublikasının “Nizaminin 880 illiyi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib. Almaniyada nüfuzlu Fridrix Ebert Fondunun (Friedrich-Ebert-Stiftung) doktorluq üzrə təqaüdünə, Almaniya Mədəniyyət Nazirliyinin, “Musikfonds” və GEMA fondlarının mükafatlarına layiq görülüb. Almaniyanın Mədəniyyət Nazirliyi və “Klosterlandschaft OWL” fondu tərəfindən Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin