logo
Polşanın Vrotslav şəhərində “Azərbaycanda polyak memarlığının inciləri” sərlövhəli sərgi nümayiş olunub

Polşanın Vrotslav şəhərində “Azərbaycanda polyak memarlığının inciləri” sərlövhəli sərgi nümayiş olunub

Polşanın Vrotslav şəhərində “Azərbaycanda polyak memarlığının inciləri” sərlövhəli sərgi nümayiş olunub Polşanın Vrotslav şəhərində “Azərbaycanda polyak memarlığının inciləri” sərlövhəli sərgi nümayiş olunub

Polşanın Vrotslav şəhərində Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda polyak memarlığının inciləri” sərlövhəli sərginin açılışı baş tutub.

Sərgini giriş sözləri açan Vrotslav Şəhər Şurasının sədri Aqneşka Rıbçak multikultural tarixə malik olan Vrotslav şəhərində hazırda müxtəlif ölkələrin çoxsaylı nümayəndələrinin  yaşadığını, bütün bunların şəhərin mədəniyyətlərarası mühitinə töhfə verdiyini söyləyib.

A.Rıbçak cari sərginin polyakların Azərbaycanda müxtəlif sahələrə verdikləri töhfələri nümayiş etdirməklə yanaşı, Polşa ilə Azərbaycan arasında əməkdaşlığın tarixi haqqında öyrənməyə imkan yaratdığını qeyd edib. O, gözəl Bakı şəhərində polşalı memarların müəllifləri olduqları memarlıq nümunələrini fəxrlə sadalayıb.

Sonda A.Rıbçak ölkələrimiz arasında əlaqələri gücləndirən və əməkdaşlığın inkişafına dəstək verən bu sərginin təşkili təşəbbüsünə görə Səfirliyə təşəkkürünü ifadə edib.

Sərginin açılışında çıxış edən səfir N.Qurbanova Şərqlə Qərbin qovşağında yerləşən ölkəmizdə böyük sivilizasiyaların, zərdüştlüyün xristianlıq, yəhudilik və islam dini ilə yanaşı mövcud olduğunu bildirib. Roma Papası II İohan Pavelin ölkəmiz barədə fikirlərini xatırlayaraq səfir ölkəmizdə bu tolerantlıq mühiti “ölkə üçün qürur mənbəyi olmaya bilməz” deyə bildirib.

Bu multikultural mühit fonunda səfir ölkəmizdə polyak irsindən söz açıb.

XX əsrin əvvəllərində “neft bumu” dövründə Bakının Polşa memarlıq “fenomen”inin şahidi olduğunu qeyd edən səfir Bakı şəhərinin üç ardıcıl baş memarının (Yozef Qoslavski, Kajimij Skoreviç və Yozef Ploşko) polyak əsilli olduğunu bildirib.

Səfir həmçinin əlavə edib ki, Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında polyakların iştirak etdiyini bildirib.

Bu xüsusda səfir AXC Ordusunda Baş Qərargah rəisi olmuş Maçey Sulkeviçin fəaliyyətini xatırlayıb. N.Qurbanova həmçinin Polşa ordusu sıralarında xidmət etmiş və hər iki ölkənin müstəqilliyi uğrunda döyüşmüş Vəli bəy Yadigar, polkovnik İsrafil bəy İsrafilov, polkovnik Cahangir bəy Kazımbəyli, polkovnik-leytenant İsrafil bəy Yadigarov, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu barədə danışıb.

Səfir xalqlarımız arasında çoxəsrlik dostluq və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın birgə layihələrin həyata keçirilməsinə təkan verəcəyinə ümidini ifadə edib.

Tədbirdə həmçinin Azərbaycan milli mətbəxindən ləziz təamlar nümayiş olunub.

Sərgi oktyabr ayının 21-dək davam edəcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin