logo
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

İki gün davam edəcək forumda halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə ediləcək.

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilir. Tədbir “Caspian Event Organisers” MMC, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.

Dünyanın müxtəlif regionlarından olmaqla, forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir. 

Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinə başlayıb.

Tədbirin açılışında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, SESRIC-in Baş direktoru Zehra Zümrüt Selçuk, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qafqaz Müsəlmanları İdarəsi sədrin birinci müavini Hacı Salman Musayev, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayxan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, SMIIC-in Baş katibi İhsan Övüt və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışçılar halal məhsul və xidmətlərin sertifikatlaşdırılması, bu sahədə standartlar, idxal-ixrac məsələləri, beynəlxalq bazarlarda rəqabət, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, investisiya imkanları və trendlər, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Konfrans və sərgi olmaqla iki hissədən ibarət olan forumun sərgi hissəsində isə Azərbaycan və xarici ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgidə nümayiş olunan məhsullar əsasən qida, tekstil, xidmət, İKT və təhsil sektorlarını əhatə edir.

Həmçinin forum çərçivəsində erməni işğalı zamanı Qarabağın maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərər haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Qarabağ Dirçəliş Fondunun “Qarabağda urbisid” fotosərgisi də nümayiş olunur.

Forum panel müzakirələrlə davam edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media