Ankarada Şuşa Konqres Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidləri Anma günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyinin və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə işıq üzü görmüş “Zafer kokan şiirler” kitabının təqdimat mərasimi və foto-sərgi keçirilib. Kitabın təqdimatında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfiri Rəşad Məmmədov, Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid ailələrinin üzvləru, kitabda şerləri yer alan II Qarabağ döyüşlərinin iştirakçıları Eyvaz Əyyub, Səbuhi Qurbanov iştirak ediblər.
“Zafer kokan şiirlər” kitabını çapa hazırlayan Aida Eyvazlı Göytürk çıxışında qeyd edib ki, qəhrəman şəhidlərimizin son yadigar olan şeirlərin yer aldığı kitabın ilk versiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Söz Ədəbi Birliyi”nin sədri Nigar Həsənzadənin dəstəyi ilə “İgidlərin sözü” layihəsində işıq üzü görüb. Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin sədri mərhum Yaqub Öməroğlunun təklifi ilə kitab yenidən işlənərək, yeni əlavələrlə türkiyəli gənc tərcüməçi Atabəy Barış tərəfindən türk dilinə uyğunlaşdırılıb.
Aida Eyvazlı, “Şəhidlərimizdən qalan sözlər yadigardır. Mən inanıram ki, “Bengü” Yayımlar tərəfindən çap olunan “Zafer kokan şiirler” kitabı hər bir türkiyəli oxucu üçün maraqlı və məzmunlu olacaq. Bu şeirlərdə qələbəyə inam, qardaş Türkiyə və Azərbaycanın gücündən güc alan igidlərimizin Vətən, torpaq sevgisi, zəfəri tərənnüm edən duyğuları yer alıb” deyə bildirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin