Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Bonnda keçirilən III Forumunda maraqlı panel müzakirələri keçirilib. Forumun ilk paneli “Xaricdə Təhsil, Yerli Təsir: Vətəndən kənarda öyrənib Vətənə xidmət” mövzusunda təşkil olunub.
Almaniyadakı Azərbaycanlıların Forumunun İdarə heyətinin sədri, Helios Klinikum Siegburg ağciyər xəstəlikləri klinikasında aparıcı mütəxəssis Elvin Hüseynovun moderatorluğu ilə keçirilən panel iclasında mövzu ilə bağlı müxtəlif fikirlər və təkliflər səsləndirilib.
Panel görüşündə Gütersloh Klinikasının invaziv kardiologiya şöbəsində baş aparıcı mütəxəssis Məmməd Məmmədov, Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti, “National Prime Hospital”da oftalmo-retina mərkəzinin qurucusu Dr. Tural Qəlbinur, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Prezidenti, M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzində Koloproktoloji Cərrahiyyə şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov, Hegau-Bodensee-Klinikum neyrocərrahiyyə klinikasında baş aparıcı mütəxəssis Turab Qasımov, Helios Klinikum Krefeld uşaq cərrahiyyəsi klinikasında baş aparıcı mütəxəssis Dr. Lətif Zeyniyev, Milli Onkologiya Mərkəzi, Patomorfololoji laboratoriya şöbə müdiri Bahadur Abbasov çıxış edib, bilik və təcrübələrini bölüşüblər.
Müzakirələr zamanı müxtəlif mövzulara elmi yanaşmalarını ortaya qoyan, ixtiraları və kəşfləri barədə məlumat verən azərbaycanlı həkimlər təkliflərini də irəli sürüblər. Müzakirələr zamanı həkim soydaşlarımızın Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə nəzər salınıb və uğur hekayələri bölüşülüb. Xatırladaq ki, Almaniyada Azərbaycanlı Həkimlərin III Forumunda bu ölkənin 81 şəhərindən 200 azərbaycanlı həkim iştirak edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin