Kanadanın Ontario əyalətinin psixi sağlamlıq və asılılıqlar üzrə nazir müavini Maykl Tibollo (Michael Tibollo) Azərbaycanda səfərdədir.
Ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər keçirən Kanada rəsmisi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Görüşdə Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. O, Kanadada yaşayan soydaşlarımızın həmin ölkənin sosial-iqtisadi və mədəni həyatına inteqrasiyasını yüksək qiymətləndirib, Azərbaycan icmasına göstərdikləri diqqət və dəstəyə görə Maykl Tibollaya təşəkkürünü bildirib. Maykl Tibollo Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun əhəmiyyətini, elmə verəcəyi töhfələri vurğulayıb.
Kanadalı nazir müavini, həmçinin Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb. Qonaq öz ölkəsində insanların mental sağlamlığının qorunması istiqamətində görülən işlərdən, psixoloji mərkəzlərin fəaliyyətindən, qısnama ilə üzləşmiş məktəblilərə mənəvi dəstəkdən və psixoloji yardımın növlərindən danışıb, bu sahədə beynəlxalq əlaqələrin, qabaqcıl təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Rektor Gəray Gəraybəyli qonağa Azərbaycanda son illərdə psixiatriya və psixologiya sahəsində görülən işlər, əldə edilmiş uğurlar, bu istiqamətdə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıqlar və birgə həyata keçirilən layihələr haqda məlumat verib.
Qeyd edək ki, Maykl Tibollonun Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov ilə görüşləri də baş tutub, Azərbaycanda psixiatriya və psixologiya sahəsinin perspektivləri müzakirə olunaraq geniş fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin