Türk dünyası yeni dövrdə daha da inamla addımlayır
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasına başlayıb. 1 avqust-31 oktyabr tarixləri arasında reallaşdırılacaq layihənin məqsədi müasir dövrdə Türk dünyasının birliyinə gedən yolda göstərilən səyləri, Azərbaycanın, o cümlədən 2024-cü ildə 100 yaşı olan Naxçıvan Muxtar Respublikasının bu istiqamətdə oynadığı rolu, müasir türk birliyinin, belə deyək ki, hüquqi əsası sayılan və 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə Türk dünyası ictimaiyyətinə, xüsusilə də gənclərə və məktəblilərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 3 məqalənin hazırlanması nəzərdə tutulub. Həmin 3 məqalənin ikincisi oxuculara təqdim edilir.
Beləliklə, fikrini öyrəndiyimiz türk dünyası ilə bağlı uzun illər araşdırmalar aparan, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan araşıdrmaçı-yazar Züleyha Karaman dedi ki, 15 il öncə Naxçıvanda özülü atılan müasir türk birliyi ötən müddət ərzində uğurla inkişaf edərək böyük və köklü çinar kimi dik dayanıb.
Züleyha Karaman: Türk birliyi böyük və köklü çinardır
Z.Karaman “Türk birliyi böyük və köklü çinardır. Dünyanın hər yerində bu çinarın budaqlarını görmək mümkündür. Uzun illər ayrı olsaq da, eyni çinarın köklü budaqları olmağın şüuru ilə yaşamışıq. Nə mutlu bizlərə ki, bu gün bu çinarın bütün budaqları bir-birinə nəvaziş göstərir”dedi.
Fikirlərinə davam edən Z.Karaman daha sonra aşağıdakıları bildirdi: “100 il əvvəl Qaspıralı İsmayıl türk dövlətlərinin və toplumlarının güclərini birləşdirməsi üçün nə edilməli olduğunu anlamaq üçün “Dildə, Fikirdə və İşdə Birlik” idealını istiqamət olaraq ortaya qoymuşdu. Bu ideyanın hüquqi baxımdan reallaşması isə 15 il öncəyə təsadüf edir. Çünki Türk Dövlətləri Təşkilatının (TDT) əsasını təşkil edən Türk Şurasının yaranması haqqında Saziş məhz 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmışdır. Bununla da Türk dünyası məsələləri dövlət siyasətinə çevrildikcə ortaq problemlərin müəyyən edilməsi və onların ortaq həll yolları təmin edilməyə başlanmışdır”.
Z.Karamanın sözlərinə görə, Naxçıvanda imzalanan saziş Türk dünyasının birliyini təmin etməklə yanaşı Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə də işıq tutdu: “2024-cü il iyulun 5-6-da Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü dünyaya səs saldı. Azad Şuşa müasir türk birliyinin gələcək yol xəritəsinin müəyyən edilməsinə təkan verdi. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin sammitdəki aşağıdakı sözlərini də xatırlamaq lazımdır: “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Hesab edirəm ki, bu, gələcək fəaliyyət konsepsiyasının tərkib hissəsi olacaq bir çağırışdır”.
Onun sözlərinə görə, Zirvə toplantısından sonra imzalanan Qarabağ Bəyannaməsi də bu baxımdan xüsusi önəm kəsb edir: “Bu sənəddə Türk dünyasının ortaq dəyərləri vurğulanaraq, strateji ortaqlığın daha da dərinləşdirilməsi və birliyin daha da güclənməsi üçün türk dövlətlərinin siyasət, iqtisadiyyat, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində bütün potensial və imkanlarından istifadə etmələrinin vacibliyi bəyan edilib. Onu da deyim ki, həm İlham Əliyevin çıxışında, həm də yekun bəyannamədə qeyd olunan elementlər KKTC-nin Aralıq dənizinin ortasında strateji əhəmiyyətini daha da ortaya qoyur”.
Dos. Dr. Fatih Çağatay Baz: Müasir Türk dünyasının daha dərindən inteqrasiyasında Azərbaycanın, o cümlədən Naxçıvanın müstəsna rolu var
Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr. Fatih Çağatay Baz da məsələ ilə bağlı mövqeyini bəyan etdi. Bizimlə söhbətində o, öncə onu qeyd etdi ki, müasir Türk dünyasının daha dərindən inteqrasiyasında Azərbaycanın, o cümlədən Naxçıvanın müstəsna rolu var: “Təsadüfi deyil ki, bu gün biz müasir Türk dünyası deyəndə bütün nəzərlər Türk Dövlətləri Təşkilatına yönəlir. “Bəs TDT necə formalaşdı” deyə sual edəndə isə cavab olaraq Azərbaycanda, qədim türk diyarı olan Naxçıvanda 15 il öncə imzalanan Saziş xatırlanır. Hesab edirəm ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda tarix yazıldı. Müasir türk birliyinin əsasının qoyulması tarixi”.
Dos. Dr. Fatih Çağatay Baz bildirdi ki, bu tarixin daha dərindən öyrənilməsi, Naxçıvan Sazişinin tarixi-strateji önəminin gələcək nəsillərə çatdırılması üçün müəllimlərin və Qeyri-Hökumət Təşkilatlarının üzərinə mühüm vəzifə düşür: “Təbii ki, burada Türk dünyasının bütün fərdlərinin üzərinə mühüm vəzifələr düşür. Ancaq mən müəllimlər və QHT sektorunu heç də təsadüfən xüsusi olaraq fərqləndirmədim. Çünki müəllimlər istənilən tarix barədə bilik bazasını formalaşdırdığı kimi, QHT-lər də o məlumatların, biliyin geniş ictimaiyyətə çatdırılmasında mühüm vasitə rolunu oynayırlar. Bu baxımdan hesab edirəm ki, CASCFEN-in reallaşdırdığı layihə də mühüm önəm kəsb edir. Layihə çərçivəsində beynəlxalq konfransların keçirilməsi və digər məsələlər zamanı müəllimlərə və ictimai sektora xüsusi önəm verilməsi CASCFEN-in prosesləri düzgün dəyərləndirdiyini ortaya qoyur”.
Konret olaraq Şuşada keçirilən sammitə gəlincə, müsahibimiz qeyd etdi ki, bu mühüm addımdır: “Bu hadisələr onu göstərir ki, Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək, regional sabitliyə, firavanlığa və davamlı inkişafı təşviq etmək əzmini davam etdirəcək. Sammitin nəticələri bu məqsədlərə çatmaqda mühüm addımdır. Mən bir məsəslənin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Bu da Zirvə toplantısının Şuşada keçirilməsidir”.
Müsahibimiz dedi ki, bu, dünyada torpaqları əsarətdə olan dövlətlər üçün isə ümidverici idi: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, “Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır”. Azərbaycnaın dövlət başçısı onu da deyib ki, “bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”. Bütün bunarda yola çıxaraq qeyd edim ki, tədbirin Şuşada keçirilməsi ilə türk dövlətləri tərəfindən bir daha qardaş dəstəyi nümayiş etdirildi. Bundan başqa, KKTC Prezidenti Ersin Tatar da Prezident İlham Əliyevin dəvəti ilə Şuşada oldu. Bu, KKTC-nin beynəlxalq ictimaiyyət tərəfindən daha çox qəbul edilməsi istiqamətində mühüm addımdır. Bir sözlə, belə deyək ki, Naxçıvanda əsası qoyulan müasir türk birliyi Şuşa samiiti ilə gələcəyə daha inamlı addım atmaq gücündə olduğunu nümayiş etdirdi”.
Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Ən son xəbərləri səhifəmizdən də izləyin