Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu Bakıda öz işini “Gülüstan” sarayında təşkil olunan mədəni proqramla yekunlaşdırıb və iştirakçılar bu gün Qarabağa yola düşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev mədəni tədbirdə iştirakçıları salamlayıb və forumun olduqca məhsuldar keçdiyini vurğulayıb. Bildirib ki, belə tədbirlərin həyata keçirilməsinin dünya azərbaycanlı alimlərin şəbəkələrinin yaranmasında əvəzsiz rolu var.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Əməkdar elm xadimi Məsud Əfəndiyev bu möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıq edib, bu kimi forumların davamlı olmasını arzulayıb.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxışında qlobal akademik şəbəkənin qurulmasında alimlərin rolunu, xaricdə yaşayan alimlərlə sıx əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Estoniyanın Tartu Universitetinin professoru Xaqani Qayıblı müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərlə yerli alimlərin bilik və təcrübə mübadiləsinin təşkilinə verilən töhfəyə görə forumun təşkilatçılarına təşəkkür edib.
İsveçdəki “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri, Qotenburq Universitetinin dosenti, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin üzvü Səadət Kərimi alimlərin təşkilatlanmasının əhəmiyyətindən danışıb, forumun bu sahədə ən yaxşı platforma olduğunu qeyd edib.
Tədbir tarzən Rövşən Qurbanovun bədii rəhbərliyi altında musiqi ansamblının çıxışı ilə davam edib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Rəvanə Qurbanovanının, “Ritm” rəqs qrupunun, kamançada Ceyhun Muradovun, nağarada Soltan Əliyevin, udda Vasif Yusiflinin, pianoda Kənan Xəlilovun ifaları sürəkli alqışlarla qarşılanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin