“Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun keçirilməsi Qarabağın yenidən qurulması və gələcəyinin müəyyən edilməsi istiqamətində düşünülmüş bir addımdır” - Azərbaycanın görkəmli akademikləri və nüfuzlu universitetlərinin rektorları Alimlərin Forumundan danışıblar
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Bu cür tədbirlər dövlət səviyyəsində həyata keçirilən uğurlu bir platformadır. Forum bu günə qədər fərdi halda, şəxsi təşəbbüslə həyata keçirilən əlaqələrin təşkilatlanmış və planlı şəkildə istiqamətlənməsinə müsbət təsir edəcək. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun keçirilməsi Qarabağın yenidən qurulması və gələcəyinin müəyyən edilməsi üçün düşünülmüş bir addımdır. Forum Azərbaycan elminin yeni donorlarla zənginləşməsinə və dünyada tanınmasına böyük töhfə verəcəkdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev “Forumun keçirilməsi müasir Azərbaycan dövlətinin elmi inkişaf istiqamətində maraqlarına uyğundur, eyni zamanda bu forum qlobal dünyada gedən proseslərlə ayaqlaşmaq istiqamətində yeni vəzifələrin müəyyənləşməsi, problemlərin aşkarlanması və bu işə azərbaycanlı alimlərin qoşulması üçün mühüm əhəmiyyətə malikdir”.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Diasporumuzun birləşməsi və Azərbaycanın maraqlarına xidmət etməsinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Sevinirəm ki, bu proses bu gün də davam edir və diasporumuz daha da təşkilatlanır. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunu elm və təhsilimizin xeyrinə təşkil olunan mühüm tədbir hesab edirəm. Bu gün bütün dünyada müxtəlif sahələrdə fəaliyyət göstərən insanların birlikləri yaranır və mənə görə alimlərimizin, mütəxəssislərimizin bir yerə toplaşıb belə müzakirələr aparması çox faydalıdır. Panellər zamanı geniş müzakirələr aparılır, maraqlı təkliflər olur. Forumun işini müsbət qiymətləndirirəm”.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin yaradılmasına, elmi mübadilələrin aparılmasına imkan yaradacaq. Biz bu forumun uğurlarından və nailiyyətlərindən istifadə edəcəyik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin