Elşən Rüstəmovun qələmindən çıxan "Qurdoğlu" adlı tarixi roman işıq üzü görmüşdür. Bu əsər Azərbaycan tarixinin mühüm dövrlərini əhatə edən Qurdoğlu ailəsinin iki əsrlik hekayəsini özündə cəmləşdirir.
Roman oxucunu XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın və bölgənin taleyüklü hadisələrinə şahidlik etmiş bir nəslin həyat yoluna aparır. Əsər Zonuz şəhərindən başlayıb, Qacarlar dövründən keçərək, çar Rusiyası, Sovet hakimiyyəti illərini əhatə edir və müasir dövrə qədər uzanır.
Kitabda Qurdoğlu nəslinin banisi İlyasdan başlayaraq, Mustafa Qurdoğlu, onun oğlu Abbas və nəvələrinin həyatı təsvir olunur. Müəllif ailənin tarixini Azərbaycanın ictimai-siyasi həyatının fonunda açır, oxucuya dövrün mənzərəsini canlı boyalarla təqdim edir.
"Qurdoğlu" romanı sadəcə bir ailənin deyil, bütövlükdə Azərbaycan xalqının son iki əsrdə keçdiyi çətin və mürəkkəb yolu əks etdirir. Əsər oxuculara milli kimliyimizi, adət-ənənələrimizi, dəyərlərimizi bir daha xatırladır, keçmişimizlə bu günümüz arasında körpü salır.
Kitab "Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Tarixi Miras: "Qurdoğlu" romanının yayımlanması" layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilmişdir.
Layihə çərçivəsində nəzərdə tutulmuş 2 təqdimat keçirilmişdir. İlk təqdimat Gəncə şəhəri, Məhsəti Mərkəzində Mədəniyyət Nazirliyinin Regional İdarəsinin dəstəyi ilə kitabxanaçılar və kitabsevərlər üçün təşkil olunmuşdu. Digər təqdimat isə ARGTMŞ-nin dəstəyi ilə gənclər üçün keçirildi.
www.qurdoglu.az vebsaytı istifadəyə verilib.
Qeyd edək ki, bu layihə Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində dəstəklənmişdir. "Qurdoğlu" romanı tarixi yaddaşımızı qorumaq və gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır.
Ən son xəbərləri səhifəmizdən də izləyin