Sentyabrın 9-da Bakıda öz işinə başlayan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
23 ölkədən gələn 80-dən çox azərbaycanlı alim Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar.
Daha sonra soydaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə baş tutan forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər, Qarabağ Universitetinin müəllim heyəti ilə də görüş nəzərdə tutulur.
Qeyd edək ki, son illər Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə birlikdə müxtəlif ölkələrdə dünya azərbaycanlı elm adamlarının, azərbaycanlı mühəndislərin, azərbaycanlı həkim və tələbələrin forumlarını təşkil etməklə xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsinə töhfələr verir.
Ən son xəbərləri səhifəmizdən də izləyin