“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə çoxsaylı investorların gəlməsi ilə müşayiət olunacaq”.
innews.media xəbər verir ki, bu sözləri iqtisadçı-alim, professor Fikrət Yusifov “Cebheinfo.az“-a açıqlamasında deyib.
O bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizə böyük investisiyaların yatırılmasına ehtiyac var:
“Bu sırada xarici kapitalın yeri xüsusi olmalıdır. Azərbaycana gələn investor yerdə reallıqları gördükdən sonra burada yatrımlar etməyə daha asan qərar verə bilər. Bu baxımdan, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Düşünürəm ki, COP29 Azərbaycana ilk növbədə “yaşıl enerji” istehsalı ilə bağlı investisiyalara geniş meydan aça biləcək”.
Həmsöhbətimiz qeyd edib ki, bu sahədə Azərbaycanın potensial imkanları böyükdür:
“Biz gələcəkdə Avropanın “yaşıl enerji” ilə təchiz edilməsində mühüm oyunçulardan biri olmağa şanslıyıq. İqlim və ekologiya məsələlərinə həsr olunmuş bu tədbirə gələn investorlar da burada yaxşı seçim etmək imkanlarına malik olacaqlar”.
Ekspert onu da diqqətə çatdırıb ki, COP29-un Bakıda keçirilməsi BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin bir daha təsdiq edilməsi deməkdir:
“Belə bir mötəbər tədbirin paytaxtımızda keçirilməsi BMT tərəfindən ölkəmizdəki ictimai-siyasi və iqtisadi sabitliyə verilən qiymətin də təzahürüdür.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalaması dünyada bənzəri olmayan bir nümunədir”.
Fikrət Yusifov son illər ərzində Azərbaycan bölgədə “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atdığını da vurğulayıb:
“Yəni COP29-un respublikamızda keçirilməsi həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir. Üstəlik, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın COP29-a evsahibliyi edəcəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Hazırda Azərbaycan “yaşıl enerji” istehsalını artırmağa və onu dünya bazarlarına çıxarmağı hədəfləyir. Artıq bu istiqamətdə ciddi addımlar atılır. Bu isə ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir”.
Ən son xəbərləri səhifəmizdən də izləyin