2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt Tarix Muzeyində bir qrup seçici ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, budəfəki parlament deputat seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə fərqlənəcək.
Mehriban Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə Ofelya Babayeva, Vaqif Qəhramanov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mehriban Vəliyeva Sumqayıtda fərdi görüşlər də keçirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin