https://innews.media/uploads/news/2024-08/_innews_267d35e371b936bb720e92821_o.jpg
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Koreya Respublikasının INHA Universitetində keçirilən “Azərbaycan Günü” adlı tədbir yerli mediada geniş işıqlandırılıb.
Koreyanın nüfuzlu “The Korean Post” saytında və eyni adlı jurnalında tədbir haqqında geniş məqalə hazırlanıb. Məqalədə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirin Azərbaycanın mədəniyyətinin, tarixinin və milli mətbəxinin geniş təbliğinə həsr olunduğu yazılıb. Daha sonra Azərbaycanın milli geyimlərindən ibarət guşədən, coğrafiyasının tanıdılması məqsədilə keçirilən viktorinalardan, qaliblərə milli simvollar və Diasporla İş üzrə Dövlət Komitəsinin loqosu olan hədiyyələrin verilməsindən, həmçinin Cənubi Koreyadakı Azərbaycan icmasının üzvlərinin, INHA Universitetində təhsil alan azərbaycanlı tələbələrin və universitetin Multikulturalizm departamentinin tələbə və müəllim heyətinin tədbirdə iştirakından bəhs edilib.
Eyni zamanda məqalədə Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə INHA Universitetinin doktorantı Leyla Məsimlinin koreya dilinə tərcümə etdiyi “Azərbaycan nağılları” adlı kitabın, eləcə də Azərbaycana aid digər nəşrlər və rəsm əsərlərinin tədbirdə nümayiş olunduğu bildirilib. Azərbaycan-Koreya diplomatik münasibətlərininin yaranma tarixinə, iqtisadi, ticari və təhsil sahələrini əhatə edən əlaqələrin yüksələn xətt üzrə inkişafına, ölkənin zəngin təbii resurslarına, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, zəngin mədəni irsə, musiqiyə, adət-ənənələrə, ədəbiyyata, kinematoqrafiya və s. mövzulara aid məlumatlara geniş yer verilib.
Məqalədə vurğulanıb ki, tədbirdə nümayiş etdirilən milli rəqslərimiz, folklor musiqimiz, təsviri incəsənət və əl işlərindən ibarət hazırlanmış sənət nümunələrimiz Koreya ictimaiyyətinin marağına səbəb olub.
Qeyd edək ki, tədbirin təşəbbüskarı və əsas təşkilatçılarından biri olan Leyla Məsimli Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, İNHA Universiteti ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq əlaqələri mövcuddur. İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. Reytinqə görə Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə olan İNHA Universitetində 60-a yaxın azərbaycanlı tələbə təhsil alır.
Koreya ictimaiyyəti tərəfindən maraqla qarşılanan tədbir haqqında yazını aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.koreapost.com/news/articleView.html?idxno=42132