https://innews.media/uploads/news/2024-07/_innews_b9b0e2e789c7ece67510d6c8d_o.jpg
Azərbaycanda əlverişli investisiya mühiti hökm sürür. Bu, xarici səhmdarların ölkəmizə marağını artırır.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov söyləyib.
Ekspertin sözlərinə görə, Qarabağın və işğaldan azad edilmiş regionların bərpasına beynəlxalq təşkilatların və beynəlxalq kapitalın aktiv şəkildə cəlb edilməsi müşahidə olunur: “Biz dünyanın nəhəng şirkət rəhbərlərinin Azərbaycanın biznes və iqtisadi mühitinə maraq göstərdiyini açıq-aydın görürük. Artıq bir çox önəmli iqitisadi layihələr gündəmdədir. İstər Türk dövlətləri ilə əlaqələr, istərsə də Azərbaycanın son dövrdə böyük dövlətlərlə mühüm sazişlərinin sayının artması, həmçinin əlverişli geoiqtisadi coğrafi mövqeyimiz Azərbaycanın gələcək iqtisadi potensialını da üzə çıxarır. Qeyd edilən faktorlar işğaldan azad edilmiş bölgələrə yatırım etmək istəyən xarici investorların maraq dairəsindədir. Azərbaycan iqtisadiyyatının sabit vəziyyəti, ölkənin dünyadakı maliyyə böhranı və kataklizmlərdən uğurla yan keçməsi də mühüm göstəricilərdəndir”.
T.İsmayılov, həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük quruculuq işlərində Türkiyənin 20-dən çox şirkəti 50-yə yaxın layihə icra edir. Bərpa–quruculuq işlərinin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təkcə yol infrastrukturunun, hava limanlarının, tunellərin və su anbarlarının tikintisində deyil, aqroparkların yaradılmasında da fəal iştirak edirlər. Bu baxımdan, Zəngilan rayonunda yaradılan “Dost Aqropark” böyük əhəmiyyət daşıyır. Burada “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub.
Qeyd olunub ki, bu il ölkəmizə Rusiyadan investisiya axınının artacağı gözlənilir: “Rusiya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk yerlərdən birini tutur. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün prioritet sahələr neft-qaz kompleksi, avtomobil, kimya və yüngül sənaye, kənd təsərrüfatı və yol tikintisidir. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində turizm potensialının mövcudluğu bu ərazilərə Rusiyanın turizm şirkətlərinin də marağının artmasına səbəb olub”.
Ekspert əlavə edib ki, Azərbaycan dövləti milli iqtisadiyyata müxtəlif mənbələrdən investisiyaların cəlb edilməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Bu mövqe ölkədə biznes mühitinin davamlılığında, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsində özünü göstərir.