https://innews.media/uploads/news/2024-07/_innews_2c6d5399805b84acee3b760d7_o.jpg
Göygöl rayonunun Xan Yaylağında, III Milli Yaylaq Festivalı çərçivəsində “Gəncəbasarda köç yolu və elat mədəniyyəti: əcdadlarımızın izi ilə” adlı etnoturizm” qurultayı keçirilib.
Regionda keçirilən ilk etnoturizm qurultayı Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi və “Cavadxan Mədəniyyət Fondu”nun dəstəyi ilə həyata keçirilib. Qurultay regiondan, paytaxtdan və xarici ölkələrdən olan qonaqları (ekspertlər, etnoqraflar, folklorşünaslar, tarixçi alimlər və s.) bir araya gətirərək Gəncəbasarda elat mədəniyyətinin tarixi, müasir vəziyyəti, köç yolu və yarımköçəri həyat tərzi və s. ilə bağlı mövzular üzrə müzakirələr aparmağa imkan yaratdı. Qurultayın əsas məqsədi Gəncəbasarda tarixən mövcud olmuş köç mədəniyyətinin tarixini, mədəniyyətini qoruyub saxlamaq, təbliğ etmək, onun unudulmasının qarşısını almaq və gənc nəsilə aşılamaqdan ibarət olmub.
Qeyd etmək lazımdır ki, Gəncəbasarda köç yolunun əsas ana xəttini yarımköçəri mədəniyyət təşkil edir. Gəncəbasarın dağlıq hissəsinin sakinləri ildə iki dəfə yaylaq-qışlaq arasında mövsümü köç edərək ilin 4 ayını Kiçik Qafqaz dağlarının ətəklərində (1800-2900 m), 8 ayını isə Ceyrançöl qışlaqlarında yaşayırlar. Minillərdən süzülüb gələn köçmə heyvandarlıq mədəniyyəti Gəncəbasarın bütün mədəni tarixini, memarlıq irsini, təsərrüfatın kommunal idarəetmə formasını, qastronomiyasını, folklorunu, inanc sistemini, ticarət əlaqələrini və s. formalaşdırıb. Yaylaq-qışlaq arasında ildə iki dəfə - yazda və payızda 15-20 gün miqrasiya edən heyvandarların özünəməxsus ritualları, təbiət resurslarından istifadə (otlaqlar, bitkilər, su hövzələri, təbiətdə risk menecmenti və s) bacarıqları və nəsildən-nəslə ötürülən bilikləri yarımköçəri mədəniyyətin bu günə kimi qorunmasına gətirib çıxarıb. Gəncəbasarda tarixən yarımköçəri mədəniyyətlə məşğul olan türksoylu xalqlar (tərəkəmələr, qarapapaqlar, ayrımlar, padarlar, şahsevənlər) və ya digər yarımköçəri qruplar mövcud olmuşdur ki, onlar bu gün də Elat mədəniyyəti adlandırılan bu mədəniyyəti davam etdirirlər.
Qurultayın sonunda Gəncəbasarda köç yolu mədəniyyətinin qorunmasını və gələcək nasillərə çatdırılmasını təmin etmək üçün bu tip qurultayların elmi-praktiki formatda mütəmadi olaraq digər rayonlarda da keçirilməsi qərara alındı.
Ən son xəbərləri səhifəmizdən də izləyin