https://innews.media/uploads/news/2024-07/_innews_51d481f236ee9c2ff8354f8b8_o.jpg
Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və yüksək qiymətləndirilib.
Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən birinin də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir. Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf edir. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Burada təmsil olunan və bir araya gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Eyni zamanda qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi ŞƏT-in məqsədləri Azərbaycan üçün də xüsusi önəm kəsb edir və ölkəmizin maraqlarına tam cavab verir.
Müəllif: Altun Məmmədzadə
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini