Almaniyanın Münxen şəhərində yerləşən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzində “Xaricdəki Azərbaycan diaspor təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi” adlı görüş keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə açan Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov son illərdə Mərkəz tərəfindən Almaniyada milli mədəniyyətimizin təbliği istiqamətində görülmüş işləri qeyd edib.
“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İB-nin prezidenti Tofiq Əli-zadə tədbir iştirakçılarına həyata keçirilən layihə, onun proqramı və qarşıdakı tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, eləcə də xarici ölkələrdə yerləşən diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi məsələləri günümüzdə olduqca aktualdır. Bu xüsusda görülən işlər Azərbaycan diasporunun inkişafı və lobbiçilik fəaliyyətinin gücləndirilməsində böyük rol oynayır.
Daha sonra çıxışçılar – İradə Əzimova, Ayna Atakişiyeva, David Kərimov yaşadıqları Münxen şəhərində milli mədəniyyətimizin təbliği istiqamətində gördükləri işlər barədə məlumat veriblər.
Tədbir iştirakçıları maraqlandıran çoxsaylı sualların cavablandırılması və müzakirələrlə davam edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin