Aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, kənd təsərrüfatı birbaşa təbiətlə bağlı sahə olduğundan Yer kürəsində müşahidə olunan qlobal iqlim dəyişikliyi aqrar sahəyə mənfi təsirini artırmaqdadır.
“Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması və ya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı erroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır. Aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Qabaqcıl dünya təcrübəsinə əsasən sığorta mexanizmləri aqrar sektorda risklərin idarəedilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm mexanizm hesab olunur”, - deyə M.Məmmədov qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada mövcud olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb: “Ölkəmizdə aqrar sığorta sistemi qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Belə ki, məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldır, fermerlərə dövlət dəstəyini gücləndirir, məşğulluğa müsbət təsir edir, ərzaq təhlükəsizliyinə töhfə verir və sığorta bazarını gücləndirir. Bu baxımdan ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir”
Ən son xəbərləri səhifəmizdən də izləyin