Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasının önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı və sabiq Vətəndaşlıq və Multikulturalizm naziri Toni Ruprextin moderatorluğu ilə baş tutan mərasimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Türkiyənin Torontodakı Baş Konsulu Can Yoldaş, Ontario Əyaləti üzrə Mental Sağlamlıq və Asılılıqlar naziri Maykl Tibollo, Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot, Ontario əyalət parlamentinin üzvü Con Freyzer, Stefani Boumman, Andreya Heyzel, Kris Qlover, Ontario vilayətinin Turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi, Moldovanın fəxri konsulu Corc Oprea, eləcə də Türkiyə, Almaniya, Ruminiya, Avstriya və Yaponiyanın icma üzvləri, Toronto şəhərində yaşayan Azərbaycan diaspor fəalları və diaspor təşkilatlarının rəhbərləri, “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyənin Torontodakı Baş Konsulu Can Yoldaş Azərbaycan və Türkiyənin tarix boyu bütün çətinliklərə sinə gərdiyini, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” tarixi kəlamını xatırladıb, bu dostluq və qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu dilə gətirib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot, Ontario əyalət parlamentinin üzvü Kris Qlover və çıxış edən digər rəsmilər 28 May – Müstəqillik Günü münasibətilə azərbaycanlıları təbrik edib, bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, Azərbaycan icmasının Kanadanın ictimai-siyasi, iqtisadi-sosial, humanitar sahələrinə və mədəni müxtəlifliyinə verdiyi töhfələri diqqətə çatdırıblar.
Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət himninin sədaları altında üçrəngli bayrağımız Lalin Həsənova və Səlhət Abbasova tərəfindən Ontario Qanunvericilik binasının önündə səmaya ucaldılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin