İyunun 3-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təşkilatçılığı, eləcə də Azərbaycanın Rumıniyadaki Səfirliyinin dəstəyi ilə birbaşa uçuşların başlanması ilə əlaqədar təqdimat tədbiri keçirilib.
İyunun 3-dən etibarən həftədə iki dəfə olmaqla, bazar ertəsi və cümə axşamı günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar AZAL tərəfindən icra ediləcək.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov Azərbaycan və Rumıniya arasında turizm əlaqələrinin dinamik inkişaf etdiyini, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, ölkələr arasında birbaşa uçuşların həyata keçirilməsinin Azərbaycanı rumıniyalı turistlər üçün daha əlçatan edəcəyini bildirib. O, uçuşların təkcə Rumıniya ilə deyil, diqər Avropa ölkələri ilə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib.
Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov öz çıxışında birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, Azərbaycanın turizm destinasiyası kimi tanıdılması məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü bildirib.
O, Bakı-Buxarest-Bakı birbaşa uçuşların, eləcə də turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin ölkələr arasında turist axınına töhfə verəcəyinə inamını ifadə edib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Satış və əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov AZAL-ın müasir donanmaya malik regionda ən sürətlə inkişaf edən aviaşirkətlərdən biri olduğunu və marşrut şəbəkəsini genişləndirilməsi istiqamətində daim işlər gördüyünü vurğulayıb.
Bakıdan Buxarestə birbaşa uçuşların açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da möhkəmlənməsinə, həmçinin iki ölkə arasında turizmin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışlarında birbaşa uçuşların iki ölkə arasında mövcud əməkdaşlığın inkişafına, ölkələrarası münasibətlərin güclənməsinə gətirəcəyini vurğulayıblar.
Tədbirdə Ruminiya hökumətinin baş katibi Mircea Abrudean iştirak edib.
Rumıniyanın dövlət rəsmiləri, 60-dan çox turizm sənayesi nümayəndəsi və media nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın tarixi, adət-ənənələri, mədəni irsi, milli mətbəx nümunələri, turizm potensialı haqqında ətraflı məlumat təqdim olunub, həmçinin Azərbaycan şərablarının dequstasiyası keçirilib.
Qeyd edək ki, Azərbaycan tərəfindən Rumıniya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin