Azərbaycan-Türkiyə teatr sahəsində əməkdaşlıq, əsərlərin qarşılıqlı olaraq teatr səhnələrində tamaşaya qoyulması və təcrübə mübadiləsi müzakirə olunub.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer Karadağlı ilə görüşmüşdür. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva da iştirak edib.
Dövlət Teatrlar İdarəsində baş tutan görüşdə İdarənin rəhbəri Tamer Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət və teatrlar sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışaraq, Türkiyədə yeni Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qolu olan teatr sahəsində də əməkdaşlığın inkişafına öz təsirini göstərəcəyinə inandığını söyləyib. O, Azərbaycana olan səfərindən danışaraq, Azərbaycan mədəniyyətinin onda böyük maraq doğurduğunu qeyd edib.
Samir Abbasov Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizdə teatr sahəsinin keçdiyi inkişaf yolu haqqında danışaraq, dövlətimizin Türkiyə ilə mədəni əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, gələcəkdə teatr sahəsində əlaqələrin inkişafında Türkiyədə yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini qeyd edib. Diplomat gələcəkdə keçiriləcək mədəniyyət günləri çərçivəsində teatr truppalarının qarşılıqlı çıxışlarının dəstəklənməsi, rejissorların və artistlərin qarşılıqlı mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə hər iki ölkənin teatrları arasında əlaqələrin yaradılması, inkişafı, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin reallaşdırılması, memorandumların imzalanması barədə təkliflər verilib. Samir Abbasov Türkiyədə keçirilən məşhur “Kültür yolu” festivalında da Azərbaycan teatrlarının iştirakı ilə əlaqədar iş aparılacağını bildirib.
Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva ötən müddət ərzində Səfirliyin bu istiqamətdə apardığı işlər, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüsləri barədə danışaraq, bu işin artıq yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli aparılacağına inamını bildirib.
Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair planın hazırlanması razılaşdırılmışdır.
Sonda qarşılıqlı olaraq hədiyyələr verilmiş, Tamer Karadağlıya Türk və İslam mədəniyyətinin paytaxtı elan edilmiş Şuşa şəhərinə dair kitab hədiyyə olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin