Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi bu ölkənin Qalubiyyə vilayətində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirib.
Tədbirdə Qalubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən, vilayət məclisinin üzvləri, Qanatır şəhərinin meri və bələdiyyə üzvləri, Misirdəki Azərbaycan icması, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini anıb, onun heykəli önünə əklil qoyub, parkda yerləşən kitabxanada ulu öndərə və Azərbaycana həsr edilmiş materiallarla tanış olublar. Səfir Elxan Poluxov iştirakçılara müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Qalubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən çıxış edərək Heydər Əliyevin dahi siyasi və dövlət xadimi olduğunu söyləyib.
Misirdə keçirilmiş “Azərbaycanı tanı” adlı layihənin rəhbəri Dr .Sədaqət Əliəşrəfin təşəbbüsü ilə müsabiqə qaliblərinə şəhadətnamələr və hədiyyələr təqdim edilib.
Sonda ICESCO-nun gənc sülh səfiri Sandy Salim müsabiqə qaliblərinə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə yerli mətbuat orqanlarının sualları cavablandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin