https://innews.media/uploads/news/2024-04/_innews_e58685b3e0fc3e8c6769793a7_o.jpg
Aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Prezidenti Denu Sassu-Nqesson ilə cənab İlham Əliyevin keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar xüsusi olaraq diqqətə çatdırıldı.
Səfər çərçivəsində 4 mühüm sənəd imzalandı ki, bunlardan biri prezidentlərin iştirakı ilə imzalanan «Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə»dir. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq: “Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.”
O da qeyd edildi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Reallıq budur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Təbii ki, hər bir sahədə inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafında əhəmiyyətli rola malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi şöhrət qazanır. Son zamanlar qarşılıqlı səfərlər zamanı əsas diqqət göstərilən məsələlərdən biri məhz COP29 tədbiridir. Cənab İlham Əliyev Konqo Prezidentini tədbirdə iştiraka dəvət edərək bir daha vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır. Burada Konqo ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər.
Müəllif: Zaur Mustafayev
Göygöl RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi