Moskvada “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın və Rusiyanın Dövlət Himnləri səsləndirilib. Daha sonra “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov çıxış edib və BMT Baş Məclisi tərəfindən Novruzun UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısı”na daxil edildiyini və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunması haqda qərar qəbul edildiyini xatırladıb.
Tədbirdə Moskva şəhərinin milli siyasət və regionlararası əlaqələr Departamentinin müdiri Vitaliy İvanoviç Suçkov, Departamentin müşaviri Valentin İvanoviç Kuryataya çıxış edib.
Gənc təşkilatçılar Ulyana Azizova və Nəsibə Fərəcova Bahar qızı obrazında rus və Azərbaycan dillərində çıxış edərək bayram ab-havası yaradıblar.
Tədbirin təşkilatçılarından olan Famil Əhmədovun rəhbərliyi altında “Qarabağ” musiqi və rəqs ansamblı qonaqlar qarşısında çıxış edib.
Konsert proqramında Azərbaycanlı müğənnilər Atahan İsmayılov, Ramazan Ramazanov, Gülhürrəm Əlişova, habelə qaraqalpaq ifaçı Cümaev Batır Bazarbayeviç çıxış edib. Müğənnilərin ifası rəqslərlə müşayiət olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin