https://innews.media/uploads/news/2024-03/_innews_1cb3277ab5a1eecdea2e60528_o.jpg
Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun meriyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə yanaşı Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, rəsmi şəxslər, deputatlar, yerli ictimaiyyətin nümayəndələri, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin təmsilçiləri iştirak edib.
Baş nazir soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın hər kəsə firavanlıq gətirməsini arzu edib. “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin “Rəsm” klubunun müəllimi Aylin Kasumova tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş “Novruz xonçası” rəsmi Baş nazir İrakli Kobaxidzeyə hədiyyə olunub. Daha sonra soydaşlarımız Baş nazirə Novruz bayramının tarixi və milli adət-ənənələrimiz barədə məlumat veriblər.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Robotexnika” klubunun üzvlərinin 3D printerlə çap etdikləri müxtəlif əşyalar, eləcə də “Rəsm” klubunun gənc rəssamlarının əl işləri tədbirdə sərgilənib.
Tədbirin sonunda bayram tonqalı qalanıb.