https://innews.media/uploads/news/2024-03/_innews_f1dc933b82f3cfe04f7bb92e5_o.jpg
Dünyada müəyyən zamanlarda “rəngli inqilab” cəhdləri baş yermişdir. Bu hadisələr bizə göstərir ki, dünyada müəyyən qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi üçün “rəngli inqilablar”dan istifadə etmək praktikasından hələ imtina etməyiblər. Hərçənd, bu inqilabların bütün mənfi nəticələri və onların doğurduğu hərc-mərclik göz qabağındadır. Belə kəskin etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq “beşinci kolon”dur. Bəs “beşinci kolon” nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə “beşinci kolon” fərqli ola bilər. Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu və ya digər qruplarından “beşinci kolon” formalaşdırmaq üçün həmin qrupları seçirlər. Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli dəyişib. Bu gün “beşinci kolon” anlayışının interpretasiyaları çoxdur – ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, “beşinci kolon” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olan “sütül” gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edilməsini yaxşı təsəvvür etmirlər. Bu sahədə spesifik meyil ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq arenaya çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi nəticəsində “beşinci kolon” müasir şəraitə uyğunlaşaraq yeni forma kəsb edib. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli “beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır. XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli “beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir.
Müəllif: Qabil Mehdiyev
Göygöl RİHB Mollacəlilli kənd İƏD üzrə nümayəndəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin