logo
İğdırda Xocalı qurbanları anılıb

İğdırda Xocalı qurbanları anılıb

İğdırda Xocalı qurbanları anılıb İğdırda Xocalı qurbanları anılıb

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.

İğdır Kültür Mərkəzində təşkil olunmuş mərasimdə İğdır valisi və bələdiyyə sədri Ercan Turan, Ədalət və İnkişaf Partiyasının (AK Parti) İğdır millət vəkili Cantürk Alagöz, yeri icra strukturlarının rəhbərləri, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə və digər qonaqlar, ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlcə hər iki qardaş ölkənin şəhidləri bir dəqiqəlik sükutla edilib. Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, Qurani-Kərimdən ayələr oxunub. Xocalı dəhşətlərindən bəhs edən qısa film nümayiş olunub.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxışında azərbaycanlılara qarşı müxtəlif illərdə soyqırım törədildiyini xatırladıb, habelə azərbaycanlılarla yanaşı, Şərqi Anadolu da türklərə qarşı soyqırım aktlarından və Xocalıda törədilmiş dəhşətlərdən danışıb. Qarabağın, o cümlədən Xocalının erməni işğalından azad edilməsinin dərin yaralara məlhəm olduğunu qeyd edib.

Ölkəmizin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev qeyd edib ki, Azərbaycan və Türkiyə xalqları tarixin bütün dövrlərində olduğu kimi, bundan sonra da həmrəy olacaq, düşmənlərimiz üzərində, II Qarabağ müharibəsində olduğu kimi, qələbə çalacaqlar.

Türkiyə Böyük Millət Məclisinin üzvü Cantürk Alagöz Xocalıda törədilən vəhşiliklərin əsla unudulmamasının vacibliyini vurğulayıb.

İğdır valisi Ercan Turan soyqırımın dünya ictimaiyyətinə çatdırılmasının daim diqqətdə saxlanılmasına, bu istiqamətdə Azərbaycan və Türkiyə xalqlarının birgə fəaliyyətinə toxunub.

Pərviz Məmmədzadə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar TADEF-ə üzv dərnəklər tərəfindən aparılan geniş miqyaslı fəaliyyətə toxunub, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktını erməni vəhşiliyinin növbəti nümunəsi adlandırıb.

Çıxışlardan sonra dosent Suna Altanın moderatorluğu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev və İğdır Qafqaz Universitetinin professoru Hacalı Nəcəfov soyqırımın beynəlxalq hüquqdakı yeri və ağır nəticələri ilə bağlı çıxış ediblər. Xocalı soyqırımının akademik təsisatların, beynəlxalq təşkilatların gündəmində saxlanılmasının və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Sonda Naxçıvan Muxtar Respublikasından olan şəhid valideynləri və yaxınlarına İğdır valisi Ercan Turan tərəfindən xatirə hədiyyələri təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin