Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
TBMM sədrini salamlayan Milli Məclisin sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib. O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini xatırladaraq, qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir. Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı layiqincə həyata keçirilir.
Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkə başçımızın həmin mərasimdəki çıxışındakı “Bizim ailəmiz Türk dünyasıdır” fikri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan türk dövlətləri bir-birilə daha sıx münasibətlər qurmalıdır və bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələr düşür. Sahibə Qafarova parlamentlərimizin həm ikitərəfli əsasda, həm də TÜRKPA çərçivəsində fəaliyyətin gücləndirilməsinin vacibliyindən danışıb.
Spiker Sahibə Qafarova ölkəmizdə keçirilmiş prezident seçkilərində TBMM-in müşahidə missiyasının ən böyük heyətlə təmsil olunmasına və AŞPA sədrinə ünvanladığı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bu qurumda təsdiqlənməməsinə etiraz edən məktuba görə türkiyəli həmkarına bir daha təşəkkürünü bildirib.
Görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluq ifadə edilərək, bunun ölkələrimiz arasında qardaşlığın daha bir örnəyi olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin gələcək inkişafına öz töhfəsini verəcək.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən TBMM sədri Numan Kurtulmuş APA-ya sədrliyin Azərbaycana keçməsi və ölkəmizin bu qurumun sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. O, TBMM-in Azərbaycanın təşkilata sədrliyini hərtərəfli şəkildə dəstəkləyəcəyini ifadə edib.
TBMM sədri fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. O, bu seçkiləri TBMM üzvlərinin də müşahidəçi qismində izlədiklərini və seçkilərdə seçici fəallığının yüksək olduğunu xüsusi qeyd edib.
Söhbət zamanı TBMM sədri AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsindən təəssüfünü bildirib və bu qərarın qəbuledilməz olduğunu qeyd edib. O, bu qərarın AŞPA-nın öz mahiyyətinə də zidd olduğunu, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin qurumun da xeyrinə olduğunu söyləyib. TBMM sədri bu qərarı müəyyən lobbi qruplarının işinin nəticəsi kimi qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarova isə Avropada son vaxtlar islamofob, türkəfob və azərbaycanofob qüvvələrin fəallaşdığını bildirirək, bunun onların Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahat olmalarından irəli gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, başda Fransa olmaqla bəzi ölkələr Azərbaycan əleyhinə fəaliyyət göstərərək, erməni lobbisinin maraqlarına xidmət edir.
Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin