Prezident cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Ermənistan və havadarlarının ölkəmizə qarşı törətmək istədikləri təxribatlar həmişə fiaskoya uğrayır. Ölkə başçımız beynəlxalq təşkilatların tədbirlərindəki çıxışlarında, eləcə də bu qurumların rəhbərləri ilə yüksək səviyyəli görüşlərində Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun siyasət həyata keçirdiyini, dünyada ədalətin və sülhün bərqərar olunmasına xidmət edən siyasət yürütdüyünü vurğulayır.
Prezident cənab İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunkonqu qəbul edən zaman Vətən müharibəsindən əvvəl və postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət, regionda sülhün bərqərar olması üçün Azərbaycanın təşəbbüs göstərməsi, Ermənistan dövlətinin bu məsələdə qeyri-adekvat mövqe nümayiş etdirməsi, eləcə də Fransanın Cənubi Qafqaz regionunda sülhün yaranmasına böyük maneələr törətməsi barədə qonağa ətraflı məlumat verdi.
Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunması missiyasını öz üzərinə götürən Minsk qrupu 28 il ərzində heç bir iş görə bilmədi, Ermənistanın işğalçılıq siyasəti aparmasına baxmayaraq bu ölkəyə təzyiq göstərmədi. Azərbaycan BMT TŞ-nın qətnamələrini, eləcə də beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq 2020-ci ildə torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan qalib dövlət olmasına baxmayaraq Ermənistana sülh müqaviləsini bağlamağı təklif etdi və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun 5 prinsip irəli sürdü, lakin Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək sülh sazişinin imzalanmasını gecikdirmək siyasəti həyata keçirirdi. Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə yeni təxribatlar törədirdi. Rəsmi İrəvan Qarabağın erməni separatçılarına maliyyə və hərbi yardımlar edir, bölgədən silahlı qüvvələrini çıxartmırdı. 2023-cü ilin sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma "Dağlıq Qarabağ respublikası"-nın "müstəqilliyi" münasibətilə təbriki və sentyabrın 9-da keçirilmiş "prezident seçkiləri" sülh prosesinə ciddi zərbə vurmuş oldu. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-da 24 saatdan az çəkən antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökü kəsildi.
Regionda sülhün bərqərar olunması, Azərbaycanla Ermənistan arasında sülhün daimi olması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.
Ermənistanın hazırda qüvvədə olan müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırışlar var. Ermənistan Konstitusiyasında da bu öz əksini tapıb. Müsbət haldır ki, Ermənistan Konstitusiyası və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edilməsi üçün Ermənistanda müzakirələr aparılır. Ermənistanın Baş naziri Paşınyan ölkəsinin içtimai radiosuna müsahibəsində bu dəyişikliklərin aparılması qonşu dövlətlərlə sülhün yaranmasına şərait yaradacağı barədə fikirlər söyləmişdir. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar və dövlətlər Cənubi Qafqaz regionunda sülhün yaranmamasına, regionda vəziyyətin gərginləşməsinə xidmət edən siyasət həyata keçirir. Fransa dövləti Cənubi Qafqaz regionunda nüfuz sahibi olmaq siyasəti həyata keçirir və Ermənistanı silahlandırır.
Prezident cənab İlham Əliyev görüşdə AŞPA-nın Azərbaycana qarşı əsassız və qərəzli qərar qəbul etməsinə də toxundu. AŞPA-nın qəbul etdiyi bu qərar riyakarlığın və ikili standartların nümunəsidir, ölkəmizə qarşı bəzi qüvvələrin çirkin siyasətidir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan AŞ və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq. Azərbaycan heç bir təşkilatın, ölkənin diktəsi ilə hərəkət etmir, əsl müstəqil dövlətdir, dünyada kifayət qədər nüfuza malik bir ölkədir.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Ən son xəbərləri səhifəmizdən də izləyin