Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə TADİV Şuşa Konfrans Mərkəzində 20 yanvar faciəsi şəhidlərinin anım tədbiri keçirilib.
Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin milli himnləri ilə başlayan mərasimdə 20 yanvar faciəsinə həsr olunmuş qısa film və 20 yanvar faciəsindən sonra Türkiyənin İqdır vilayətində keçirilmiş Azərbaycana dəstək mitinqinin görüntüləri nümayiş etdirilib.
TADİV rəhbəri Aygün Attar açılış çıxışı edərək Azərbaycanın həm acı, həm də qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərini anmaq üçün toplanmış iştirakçıları salamlayıb.
Mərmərə Qrupu Strateji Tədqiqatlar Fondunun sədri Akkan Süver Azərbaycanın 20 yanvar tarixini əsla unutmayacağını, 30 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə şəhidlərinin ruhunun şad olduğunu qeyd edib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım 20 yanvar tarixinin Azərbaycanın müstəqillik tarixinin əsasını qoyduğunu vurğulayaraq, şəhidlərin qanı və canı ilə əldə edilən bu müstəqilliyin daimi olacağına əminliyini ifadə edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 yanvar faciəsinin Azərbaycanın bütün guşələrində, diplomatik nümayəndəliklərində keçirildiyini bildirib. Səfir çıxışında Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü uğrunda uzun müddət mübarizə apardığını vurğulayıb və bu müqəddəs amal üçün canlarından keçmiş şəhidləri ehtiramla anıb.
Tədbirin davamında 20 yanvar faciəsinə həsr olunmuş sərginin açılışı edilib.
Anım tədbirində Türkiyədən dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və Türkiyədə təhsil alan hərbçilər iştirak ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin