Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gələn nümayəndə heyəti ilə görüşdə dostluq, strateji tərəfdaşlıq, həmçinin qonşuluq prinsiplərinə söykənən Azərbaycan-Gürcüstan əməkdaşlığı barədə danışılıb. Ulu öndər Heydər Əliyevin iki dövlət arasında əsasını qoyduğu münasibətlərin bu gün yeni mərhələyə yüksəldiyinə və əməkdaşlıq imkanlarının daha da genişləndiyinə diqqət çəkilib.
Qonaqlara Komitənin fəaliyyəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verilib. Qeyd olunub ki, hazırda Tbilisi, Marneuli, Qardabani, Bolnisi və Dmanisidə inteqrasiya və tədris mərkəzləri mövcuddur, hər il 1500-dən artıq azərbaycanlı həmin mərkəzlərin xidmətindən istifadə edir. Qonşu olkədə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası istiqamətində xüsusi layihələr həyata keçirilir, onlara təmənnasız hüquqi yardım göstərilir.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev səmimi qəbula görə minnətdarlığını bildirib, dünya azərbaycanlılarını işğal altında olan torpaqlarımızın azad olunması, Azərbaycan ərazilərinin bütövlüyünün təmin olunması münasibətilə təbrik edib. F.Nəbiyev təmsil etdiyi qurumla komitə arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənəcəyinə, bundan sonra da uğurlu layihələrin həyata keçiriləcəyinə inamını ifadə edib.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin