Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi, Azərbaycan xalq rəssamı, Şöhrət ordenli, əməkdar incəsənət xadimi, prezidentin fəxri diplomu ilə təltif edilmiş ADMİU-nun professoru, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının Bakı filialının rəhbəri - Arif Əzizin bu gün ad günüdür.
Rəssamın bütün fəaliyyəti yeni fikir, forma yaradılmasına və inkişafına həsr edilmiş axtarışlardan ibarətdir, yaradıcılığı xalqın minillik mədəniyyət ənənələri ilə müasirliyin genetik səviyyədə təcəssümüdür.
Yarım əsrdir ki, “Arif Əziz məktəbi”ndə respublikanın bir çox məşhur təsviri sənət nümayəndələri öz bacarıqlarını cilalamış, hazırda onların çoxu xalq rəssamları, əməkdar incəsənət xadimləri, öz işlərinin ustadlarıdır.
Bu gün rəssamın yaradıcılığında qrafika və rəngkarlıq önəmli yer tutur. Onun doğma torpağın rənglərindən qaynaqlanan əlvan və zəngin palitrası, geniş yaradıcılıq təxəyyülü, yetkin bədii üslubu özünü əsərlərində daha parlaq göstərir. Yeni konsepsiyalar axtarışı, yeni təsvir üsulları, mürəkkəb zərif estetizm hadisəsi olan əsərləri sənətkarın məhz özünə xas, təkrarsız rəsm yaradıcılığıdır.
İncəsənət məhz sənəti yaradıcı idrakla zənginləşdirən Arif Əziz kimi sənətkarların sayasındə daha inkişaf edib yüksəlir.
Ən son xəbərləri səhifəmizdən də izləyin