https://innews.media/uploads/news/2023-12/_innews_98b0d0e5ad1d84bd6dad78840_o.jpg
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə qeyd olunub ki, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçirilməsi qərarı bütün dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstəricisidir. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.
Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.
Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.
Müəllif: Aslan Kərimli
Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi