Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə 30 noyabr 2023-cü il tarixində “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı-mediasiya” mövzusunda Konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə təşkil edilən Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək Konfransın işinə uğurlar arzu edib və Konfransın əhəmiyyətli olacağını qeyd edib. S. Seyidəhmədli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı islahatların tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasında da geniş işlər aparılır və bu işlər bundan sonra da davam edəcəkdir. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı təşkil edilən silsilə tədbirlər eyni zamanda hər birimizin üzərinə gələcək hədəflər üçün daha böyük məsuliyyət qoyur.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri xanım Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə - hüquq islahatları və məhkəmə hakimiyyətinin bu sahədəki rolu barədə iştirakçılara geniş məlumat verib. Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən cənab Hüseyn Səfərov Naxçıvan Muxtar Respublikasında aparılan mütərəqqi ədliyyə islahatları və yeniliklər barədə Konfrans iştirakçılarını məlumatlandırıb.
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Mediasiya Şurasının bu günədək gördüyü işlər barədə Konfrans iştirakçılarına hesabat verib. O qeyd edib ki, Mediasiya Şurası mediasiya məxfiliyinin qorunması şərti ilə hər zaman ictimaiyyətə açıq olub. N. Adilov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı - mediasiya” mövzusunda keçirilən konfrans biz mediatorların üzərinə çox böyük bir mənəvi məsuliyyət qoyur. Biz gələcək fəaliyyətimizdə mediasiya xidmətləri sahəsində daha əzmlə və nəticə yönümlü fəaliyyətimizin gücləndirilməsi sahəsindəki hədəflərimizi müəyyən edir.
Konfransda Naxçıvan Muxtar Respublikasının dövlət orqanları, hüquq mühafizə orqanları, vəkillər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilən Konfransda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində aparılan islahatlar və mediasiyada vəkilin rolu mövzusunda məruzə ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Səttar Zamanov Naxçıvan Mediasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikasının yerli qurumları arasında səmərəli əməkdaşlığın perspektivləri mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda Naxçıvan Mediasiya Təşkilatının rəhbəri Yusif Həsənov Naxçıvan Mediasiya Təşkilatının fəaliyyəti barədə hesabat, görülmüş işlər və qarşıda duran vəzifələr barədə Konfrans iştirakçıları qarşısında hesabat məruzəsi ilə çıxış edib. Konfrans öz işini müzakirələr və gələcəkdə qarşıda duran məqsədlərə nail olmaq üçün konkret təkliflər ilə davam etdirib. Konfransda eyni zamanda Azərbaycan Respublikası Mediasiya Şurası tərəfindən Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Şəki 1 saylı mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı, Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov , Qusar 1 saylı mediasiya təşkilatının rəhbəri Radik Kazımov, Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri Ramin Şükürov iştirak edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin