logo
Berlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu başlayıb

Berlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu başlayıb

Berlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu başlayıb Berlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu başlayıb

“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu öz işinə başlayıb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar iştirak ediblər. 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca ümummilli liderin anadan olmasının 100 illiyinə Diasporla İş üzrə Dövlət Komitəsinin həsr etdiyi “Heydər Əliyev və Azərbaycan diasporu” sənədli filmi və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” videoçarxı nümayiş olunub.

Sonra tədbirin moderatoru Dr. Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının və Almaniyadakı azərbaycanlı həkimlərin fəaliyyətindən bəhs edən videoçarxı təqdim edib.

Forumda çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, Almaniyada yaşayan azərbaycanlıların birliyini müşahidə edirlər: “Bizim hər birimizin vəzifəsi Azərbaycanla bağlı həqiqətlərin dürüst şəkildə yerli ictimaiyyətə çatdırılmasıdır. Almaniyadakı Azərbaycan diiasporu xüsusi fəallığı ilə seçilir və mühüm işlər görür. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsi və gücləndirilməsi zəruridir”.

Tədbir dünya azərbaycanlılarının və Azərbaycan diaspor təşkilatlarının müxtəlif ölkələrdə fəaliyyətini əks etdirən məlumat xarakterli videoçarxın nümayişi ilə davam etdirilib.

Forum iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib və forumun işinə uğurlar arzulayıb. Bu il vətənimizdə və xarici ölkələrdə 100 illik yubileyi qeyd olunan görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil almasına xüsusi diqqət yetirdiyini xatırladıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayan Komitə sədri forumun işini və Almaniyadakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan icmasının yerli cəmiyyətə və ictimai-siyasi dairələrə təsir imkanının artırılması istiqamətində gücə və potensiala malik olduğunu nəzərə çatdırıb.

“Ümid edirəm ki, Berlində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu xaricdə çalışan azərbaycanlı həkimlərlə ölkəmizin bu sahədə fəaliyyət göstərən qurumları arasında daha sıx əlaqələrin qurulmasına və xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafında görülən işlərə töhfə verməsinə kömək edəcək. İnanıram ki, hər biriniz milli-mənəvi və dövlətçilik dəyərlərimizi də layiqincə təmsil etmək üçün əməyinizi əsirgəməyəcəksiniz”, - deyə Komitə sədri söyləyib.

Daha sonra Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin forum iştirakçılarına müraciəti təqdim edilib. Forumun işinə uğurlar arzulayan nazir ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə geniş məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova çıxışında bildirib ki, Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər getdikcə artır və bu, ölkə vətəndaşlarının sağlamlığının daha yüksək səviyyədə qorunmasına ciddi təsir edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib ki, xaricdə təhsil alan və çalışan azərbaycanlı həkimlərin bir qrupu artıq Azərbaycanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərir. O, Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupunun da bu niyyətdə olduğunu qeyd edib. Azərbaycanda səhiyyənin yeni dövrün tələblərinə uyğun inkişaf etdirildiyi, Qarabağa köçən Azərbaycan vətəndaşlarına səhiyyə xidmətinin göstərildiyi vurğulanıb.

Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin sədri, professor Çingiz Abdullayev çıxışında Almaniyadakı Azərbaycan icmasının uzun illik fəaliyyəti barədə məlumat verib.

II Forumun rəsmi açılış mərasimi Alman-Azərbaycan Cəmiyyəti adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə və Azərbaycanın Almaniyadakı səfirinə xatirə hədiyyəsinin təqdim olunması ilə yekunlaşıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media