logo
Tanrı qatında eşidilən dua

Tanrı qatında eşidilən dua

Tanrı qatında eşidilən dua Tanrı qatında eşidilən dua

Tanrıdan bir arzum var idi: Şuşanın buz salı kimi şəffaf havasını ciyərlərimə çəkə bilmək. Bir gün arzular reallığa döndü. Göylərin ənginliklərinə ucalan, buludlara salam verən müqəddəs Cıdır düzündə Şuşanın qonağı oldum. Əslində Vətən bizi qonaq kimi deyil, öz doğması kimi qarşıladı. Tanrının sanki öz əllərilə yaratdığı füsünkar təbiətə baxdıqca, tarixi şəhəri ən uca zirvədən seyr etdikcə, düzü, illərlə ayrılığa, düşmən tapdağında qalmasına içim göynədi...  Ancaq düşmən xar olmuşdu. Şəhər də, insanlar da bəxtiyar görünürdü. Nazlı Şuşam, belinə kəmərtək qurşanan qala divarları fonunda ağgünlü, xoş baxtlı, xoş vaxtlı görünürdü.

Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və səfalı guşələri ilə seçilən ölkədir. Tanrı Azərbaycana bitib-tükənməyən gözəlliklər və ruzilər vermişdir. Tanrı bu diyardan heç bir neməti əsgirməmişdir. Bu səbəbdən də tarixin hər dönəmlərində düşmən hücumlarına, yadelli basqınlarına məruz qalmışıq.

Azərbaycanın dilbər guşəsi Şuşa qədimliyi, gözoxşayan memarlığı, tarixi abidələri, zəngin təbiəti və səfalı havası ilə seçilən şəhərdir. Şuşa sözün əsl mənasında Qarabağın döyünən ürəyidir. Mən Qarabağı görkəmli yazıçılarımızın və şairlərimizin əsərlərində dərin mənalı sözləri ilə təsəvvür etmişəm. Qarabağın tacı Şuşanın əsrarəngizliyini heç bir pyesə belə sığışdırmaq olmaz.

Şuşa. Bu ad o qədər incə səslənir ki… Şuşanı canlı görməyin necə bir hiss olduğu ,əlbəttə, izah olunmazdır. Və belə bir fürsət varsa, onu dəyərləndirmək çox vacibdir.

Azərbaycan günü-gündən inkişaf edir. Ölkəmizdə yeni və bir-birindən müxtəlif layihələrin keçirilməsi gənclərimizin biliyinə, bacarığına daha çoxunu əlavə edir.

Beləliklə, Şuşaya ilk səfərim  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəhbərliyi altında həyata keçirilən “Şuşa Jurnalist Tələbələrinin Gözü ilə” layihəsi çərçivəsində baş tutdu. Həqiqətən də inana bilmirdim ki, 28 il təsəvvürümdə olan Şuşanı canlı görmək mənə qismət olacaq. Bu məqaləni yazanda belə əllərim əsir və içimdəki hissləri cümlələrdə necə  ifadə edəcəyimi bilmirəm. İlk olaraq layihənin gedişatından danışmaq istərdim. ”Şuşa Tələbələrin Gözü ilə” adlı layihəsində hüquqşünas, diplomat ,memar və jurnalistka ixtisasları üzrə təhsil alan 180 nəfər yerli və xarici tələbə Şuşaya səfəri həyata keçirildi. Tələbələr Şuşa İcra Hakimiyyətinin binası, Üzeyir Hacıbəyovun heykəlini, Natəvanın evini, Şuşa bulağı, Şuşa qalası və Cıdır düzü ilə yaxından tanış oldular. Onlar Azərbaycanın mədəniyyət beşiyi – Şuşanın sehrafərin təbiətindən zövq aldılar, sanki nağıllar aləminə düşdülər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən təşkil olunan genişmiqyaslı quruculuq, yenidənqurma və bərpa işlərini müşahidə etdilər.

Beləliklə, Şuşaya olan ilk səfərim yaddaşıma əbədi həkk olunur, qəlbimdə bir ömür yaşayacaq silinməz izlər buraxır. Bu məqaləni hazırlayarkən xoşbəxtlik duyğularıma yenilirəm: duyğularımı oxucuya çatdırmağın mümkünsüzlüyünü anlayır və hələ də əsrarəngiz Şuşa gözlərimin önündə kadr-kadr canlanır.

Uca Tanrıya uzanan əllər geri dönmədi. Can damarımız, köksümüzdə döyünən qəlbimiz – Şuşamızı gördük: "nəfəsini" nəfəsimizə çəkdik. Bu xoşbəxtliyə çatdıq.

Bu səadətə xalqın qan və can yaddaşında hər an yaşayacaq Şuşa Zəfəri ilə çatdıq. İgid ərənlərimizin – əsgərlərimizin axan qanı ilə boyanan Şuşam indi Kəbə, Məkkə müqəddəsliyindədir. Bu şəhərdə Vətən sevgisi İlahi sevgiyə yüksəliş yolunda ən uca məqam kimi ortaya çıxır.

Tələbə gözündən bir məqam da yayınmadı: Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Şuşa Tələbələrin Gözü ilə” layihəsinin təşkili. Arzularımızın "qanadı" olan layihə təşkilatçılarına hörmətimizi izhar edirik.

 

Tərlanə Abdullayeva, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media