https://innews.media/uploads/news/2023-09/_innews_3647d42fbf6f928433890c724_o.jpg
Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında qanun ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraiti yaratmaqla onların sırf əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında fəaliyyətini təmin edəcək.
innews.media AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan-Türkiyə Fintex Forumunda Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
O bildirib ki, qanun layihəsinin noyabr ayında qüvvəyə minməsi gözlənilir: "Növbəti altı ayda ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya almaları üçün müddət verilib. Bu qanunun qəbulu ölkədə tamamilə yeni ekosistemin formalaşdırılmasına imkan yaradacaq. Ödəniş xidmətləri üzrə səmərəliliyin artırılması, inklüzivliyin genişləndirilməsi və istehlakçılara daha innovativ və əlverişli ödəniş məhsullarının verilməsinə şərait yaranacaq. Qanun xarici ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün iki imkan yaradır: "Onlar həm ölkəmizdə filial açmaqla, həm də filial açmadan banklarla müqavilə bağlamaqla fəaliyyət göstərə biləcəklər. Banklarla xarici ödəniş xidməti təchizatçıları arasında əməkdaşlığa dair tələblər də qanunda əks olunub. Bu vaxta qədər həm MDB, həm də Avropa ölkələrindən Azərbaycanda filial açmaq üçün müraciətlər olur və bunun üçün qanunvericilikdə hansı tələblərin olduğu soruşulurdu. Artıq bu şərtlər qanunla müəyyən edilib".
Ən son xəbərləri səhifəmizdən də izləyin