logo
8 gənc maşinist peşəsinə yiyələnib

8 gənc maşinist peşəsinə yiyələnib

8 gənc maşinist peşəsinə yiyələnib 8 gənc maşinist peşəsinə yiyələnib

9 nəfər kursları uğurla davam etdirir

Bakı metropoliteninin təşkil etdiyi qatar maşinisti peşəsi üzrə kursları 8 gənc uğurla başa vurub. Yeni maşinistlər artıq metropoliten yollarında işə başlayıblar. Sevindirici haldır ki, yeni maşinistlərdən biri Bakı metropoliteni tarixində ikinci xanım maşinistdir. Xanım maşinist Türkan Bəylər Bakı Dövlət Universitetinin fizika ixtisası üzrə məzunudur.

Kursu uğurla başa vuranlara qatar maşinisti, 4-cü dərəcəli sürücülük vəsiqəsi təqdim edilib. Bakı metropoliteninin ənənəsinə uyğun olaraq, qatar maşinistlərinə vəsiqələr təntənəli mərasimdə təqdim edilir.

Qeyd edək ki, müdavimlər kurslarda əvvəlcə nəzəri biliklərə yiyələnərək, metropolitenin əsas sahələri ilə əyani tanış olublar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilib.

İkinci mərhələdə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi aparılıb. Kursda iştirak edən müdavimlər hər tədris mərhələsindən digərinə yalnız imtahan sınağı ilə nəticə əldə edərək keçiblər.

Üçüncü mərhələdə iddiaçılar metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunublar. Bu mərhələdə onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olaraq praktiki imtahanlarda yoxlanılıblar.

Sonuncu mərhələdə isə xətlərdə idarəetmə normativlərini uğurla yerinə yetirən gənc maşinistlər kadr komissiyası qarşısında imtahan veriblər.

Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar. Yeni tipli maşinistlər kursunu indiyədək 70 gənc uğurla başa vurub və hazırda metropoliten qatarlarının maşinisti kimi çalışırlar.

Hazırda 10-cu qatar maşinisti kursu davam edir. 2023-cü il mart ayında verilmiş elamna əsasən, kursa 180 nəfər namizədin müraciəti daxil olub. Kriteriyalara uyğun gələn 85 nəfərdən məntiq testini 28 nəfər uğurla keçib. Onlardan 18-i psixoloq və kadr kommisiyyası tərəfindən müsbət qiymətləndirilib. 4 namizəd sonrakı mərhələdə iştirak etməyib, 3-ünün hərbi yararlılıq kateqoriyası vakansiyaya uyğun olmayıb. Daha 2 iddiaçı kursun ilkin mərhələsinin imtahanlarından keçməyib. Yekunda kurslara 9 nəfərlə başlanılıb.

Nəzəri biliklərinin mənimsənilməsindən sonra maşinistliyə namizədlər praktiki vərdişlərin mənimsənilməsi təlimlərinə başlayıblar.

Daha bir kurs üzrə elan isə avqust ayının 31-nə qədər qüvvədədir. Tələblərə uyğun gələn namizədlər mərhələ ilə imtahanlara çağırılacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin