https://innews.media/uploads/news/2023-04/_innews_ea101a294ce399dcde539c514_o.jpg
Azərbaycan qlobal güclərin diqqət mərkəzində olan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsi, Asiyadan Avropaya uzanan əsas ticarət yoluna çevrilməsi istiqamətində fəaliyyətlərini son dərəcə aktivləşdirib. Dəhlizin mühüm hissəsinin türk dövlətləri ərazisindən keçməsi onlar üçün çox əlverişli şərtlərin formalaşmasına yol açan amildir. Belə ki, Asiyadan yüklər Mərkəzi və Orta Asiyanın türk dövlətlərinin – Özbəkistan, Qazaxıstan ərazisindən keçərək Xəzər dənizi ilə digər türk dövləti olan Azərbaycana daxil olur. Buradan Gürcüstan üzərindən qardaş Türkiyənin ərazisinə, oradan Macarıstana, sonucda isə Avropaya çatdırılır.
Aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstana gedərək, Prezident həmkarı Kasım Jomart Tokayevlə görüşüb. Görüşdən sonra mətbuata açıqlamasında Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstanın münasibətlərini ortaq kökə malik xalqların müttəfiqliyi kimi xarakterizə edib: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir”.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev 2022-ci ilin avqustunda Azərbaycana səfər edib. Səfər zamanı ölkələr arasında demək olar ki, bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini nəzərdə tutan mühüm sənədlər imzalanıb. Ötən müddət ərzində həmin sənədlərdə nəzərdə tutulan bir çox tədbirlər həyata keçirilib. Bunlardan Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üçün real addımların atılması və sair mühüm əhəmiyyətə malikdir.
Bakıya səfərindən sonra Prezident Tokayevin sərəncamı ilə Qazaxıstan hökumətinin neftin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması üçün başladığı işlər uğurla davam etdirilir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
Qazaxıstan bununla kifayətlənməyərək, daha çox həcmdə neftini Azərbaycan üzərindən nəql etməyi hədəfləyir. Bunun üçün neftin dəmiryol cənləri ilə Bakıya, buradan isə Gürcüstana – Qazaxıstanın Batumidə sahibi olduğu terminala çatdırılması nəzərdə tutulur. Bundan əlavə, informasiya-texnologiya sahəsində Qazaxıstan və Azərbaycan “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizi vasitəsilə Avropa və Asiya arasında birgə strateji telekommunikasiya dəhlizinin yaradılması layihəsini həyata keçirirlər. Layihəni “AzerTelecom” və “KazakhTelecom” şirkətləri reallaşdırır.
Qazaxıstan uran məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasının davamında maraqlıdır. Azərbaycan isə Qazaxıstanın enerji layihələrində iştirak marağını açıqlayıb. Ölkələr həmçinin yaşıl enerji sahəsində keçiriləcək tenderlərdə iki ölkə şirkətlərinin bərabərhüquqlu iştirakını təmin etməyi hədəfləyirlər. Qazaxıstan həmçinin öz istehsalı olan dəmiryol lokomotivləri, ağır maşınqayırma sənayesi məhsullarının Azərbaycan bazarına çıxarılmasına maraq göstərir. Bundan əlavə, Azərbaycan Qazaxıstan buğdasının dünya bazarına çıxışında mühüm rol oynaya bilər. Artıq Bakıda Qazaxıstan taxılının ötürülməsi üçün infrastrukturun yaradılmasına başlanıb.
Qədir Kazımov
Göygöl RİHBA İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi