logo
Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi

Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi

Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi

Azərbaycan mətbuatının tarix boyu cəmiyyətimizin inkişafında, xalqımızın tərəqqisində, maarifçilik missiyası daşıyan, vətənpərvər şəxsiyyətlərin yetişdirilməsində müstəsna xidmətləri olmuşdur. 1875-ci ildə fəaliyyətə başlayan, böyük mütəfəkkirimiz Həsən bəy Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin nəşri ilə başlanan, çətin və şərəfli yol keçmiş Azərbaycan mətbuatı bu il 150 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə, yalnız bir sahənin deyil, bütün xalqımızın ictimai, siyasi və mədəni inkişaf tarixinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.

Məlumdur ki, ölkə Prezidenti İlham Əliyev aprelin 25- də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda cəmi iki il fəaliyyət göstərən “Əkinçi” qəzetinin maarifçi ideyaların carçısı olduğu, cəhalətə və xurafata qarşı kəskin mübarizə apardığı, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verdiyi qeyd olunmuşdur.

Digər tərəfdən, Milli Məclisin car il fevral ayında keçirilən iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilmişdir. Layihəyə əsasən, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar medal verilməsi nəzərdə tutulmuşdur.

Bu il milli mətbuatımızın 150 illik yubileyi ilə yanaşı, AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi, ölkəmizin elmi və jurnalistikası tarixində mühüm və simvolik məna daşıyan əlamətdar hadisəyə çevrilmişdir. Bu iki yubiley, xalqımızın maarifçilik ənənələrinin və milli intellektual irsinin birgə inkişafını əks etdirən bir mərhələ kimi, Azərbaycan cəmiyyətinin elmi və ictimai inkişaf tarixində mühüm iz qoymuşdur. Bu gün Azərbaycan elmi ilə mətbuatı paralel şəkildə inkişaf edir, iki sahə bir-birini tamamlayaraq cəmiyyətin tərəqqisində danılmaz rolunu bir daha nümayiş etdirir.

Azərbaycan mətbuatının inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümumilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirmiş, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ulu Öndər mətbuatımızın inkişafı yönündə 10-dan çox fərman və sərəncam imzalmışdır.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu sahədə fəaliyyətini uğurla davam etdirmişdir. Dövlət başçısının mətbuatın inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğı, jurnalistika sahəsində problemlərin həlli istiqamətində atdığı addımlar, qəbul etdiyi qərarlar KİV-lərin fəaliyyətinin genişlənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

AMEA mətbuatı da Azərbaycan milli mətbuatının ayrılmaz hissəsi kimi, ölkənin elmi-intellektual həyatında hər zaman xüsusi əhəmiyyət kəsb etmişdir. Bu kontekstdə, cari ildə Azərbaycanın elmi mətbuat tarixində mühüm yer tutan və ölkənin ilk veb saytı olan science.gov.az portalının yaradılmasının 30 illiyinin qeyd olunması da xüsusi məna daşıyır. Science.az portalı uzun illər ərzində AMEA-nın fəaliyyətini, elmi nailiyyətlərini və aktual tədqiqat istiqamətlərini geniş auditoriyaya çatdırmaqla, bütövlükdə elmin cəmiyyətə inteqrasiyasında və beynəlxalq informasiya mübadiləsində mühüm rol oynamışdır. Həmçinin ölkədə elm sahəsində həyata keçirilən strateji dövlət siyasətinin əsas informasiya mənbəyi kimi bu istiqamətdə atılan mühüm tədbirləri ictimaiyyətə ötürmüşdür.

Bu il Azərbaycan mətbuatı ölkəmizin ictimai-siyasi həyatında baş verən bir sıra mühüm hadisələri geniş şəkildə işıqlandırmışdır. Xüsusilə Qarabağ bölgəsində keçirilən rəsmi tədbirlər, dövlət bayramları və beynəlxalq əhəmiyyətli görüşlərin mətbuatda əks olunması, milli medianın vətənpərvərlik ruhunun gücləndirilməsi və dövlətçilik ideyalarının təbliği sahəsindəki mühüm rolunu bir daha ortaya

qoymuşdur.

Bu kontekstdə, 2025-ci ilin ən əlamətdar hadisələrindən biri kimi, 28 May – Müstəqillik Gününün Laçın şəhərində təntənəli şəkildə qeyd olunması xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu tədbirdə iştirakı, təkcə Müstəqillik Gününün qeyd olunması deyil, həm də üç qardaş ölkə arasında mövcud olan sarsılmaz dostluğun, qardaşlığın və strateji əməkdaşlığın bariz təcəssümü kimi qiymətləndirilir.

Eyni zamanda, iyun ayında Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilmişdir. Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutan bu tədbir ölkəmizdə elmi irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma rolunu oynamışdır. Tədbirdə AMEA-nın vitse-prezidentləri, institut direktorları, tanınmış alimlər, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Bu mühüm tədbirin əsas məqamları Azərbaycan mətbuatında, eyni zamanda science.gov.az-da geniş şəkildə işıqlandırılmış, elmi ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Bu gün AMEA mətbuatı Akademiyanın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni mərhələdə fəaliyyətini davam etdirir. AMEA-da elmi informasiya siyasəti daha müasir yanaşmalar əsasında qurulur, milli elmi irsin təbliği, alimlərin fəaliyyətinin işıqlandırılması və gənc tədqiqatçıların uğurlarının geniş ictimaiyyətə çatdırılması

istiqamətində əhəmiyyətli tədbirlər görülür.

Uzun illər ərzində Azərbaycan mətbuatı çətin sınaqlardan uğurla çıxıb. Bütün maneələrə baxmayaraq, hər zaman cəmiyyətin güzgüsü kimi çıxış edib, cəmiyyətdə böyük nufuza malik olub. Xüsusilə çətin və taleyüklü mərhələlərdə – istər COVID-19 pandemiyası dövründə, istərsə də Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri öz peşə borclarını yüksək məsuliyyət və fədakarlıqla yerinə yetirərək, cəmiyyətin məlumatlandırılmasında, vətəndaş həmrəyliyinin və milli ruhun gücləndirilməsində fəal iştirak ediblər.

Artıq bütün dünyada gedən rəqəmsal transformasiyalar, qlobal dəyişikliklər və IV Sənaye İnqilabı kontekstində Azərbaycanda da mətbuatının xarakteri dəyişir, müasir dövrün çağırışlarına uyğunlaşır. İnformasiya texnologiyalarının, xüsusilə süni intellekt əsaslı platformaların sürətlə inkişafı media məkanında yeni mərhələnin başlanğıcını qoyur.

İnanırıq ki, 150 illik zəngin tarixə malik olan milli mətbuatımız bundan sonra da həm ölkəmizin milli maraqlarına, həm də qlobal informasiya məkanının çağırışlarına, yeni dünyanın tələblərinə adekvat şəkildə inkişaf edəcək.

Cəmiyyətimizin maarifləndirilməsi, ictimai şüurun formalaşdırılması və dövlətçilik ideyalarının təbliği istiqamətində daha böyük nailiyyətlərə imza atacaq.

150 illik yubiley münasibətilə mətbuat nümayəndələrini, bu sahədə fəaliyyət göstərən bütün jurnalistləri təbrik edir, milli mətbuatımızın inkişafında əvəzsiz xidmətləri olan hər kəsə dərin minnətdarlığımı bildirirəm!

Nərgiz Qəhrəmanova,

Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın baş redaktoru, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin