https://innews.media/uploads/news/2025-07/_innews_64f7c453c29ef601756a9184f_o.jpg
Ölkə mətbuatında, teleradioda, eləcə də elektron mediada çalışan və peşəkarlıqları ilə fərqlənən bir qrup mətbuat işçisi Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyi (AJB) tərəfindən Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib.
Bu il mükafat 15 media nümayəndəsinə verilib.
2025-ci il üçün Həsən bəy Zərdabi mükafatına layiq görülənlər arasında Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın baş redaktoru, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova da var. O, Azərbaycanın tanınmış alim və ziyalıları ilə müsahibələrinə və ölkə elminin inkişafı istiqamətində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasındakı məhsuldar fəaliyyətinə görə bu mükafatla təltif edilib.
Mükafatı AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmli təqdim ediblər.
Nərgiz Qəhrəmanova əməyinə verilən yüksək dəyərə görə Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür edib. O, bu mükafatı həm adı, həm də nüfuzu baxımından jurnalistlər üçün ən vacib mükafatlardan biri hesab edib.
Xatırladaq ki, Həsən bəy Zərdabi mükafatı 1991-cı ildə Azərbaycan Jurnalistlər Birliyinin mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Milli Mətbuat Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.