Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını - COP29-u yüksək səviyyədə təşkil etdi. Beynəlxalq tədbirdə bəşəriyyətin gələcəyi naminə nəticəyönümlü qərarların qəbul olunması isə Azərbaycanın dünyada olan nüfuzunun daha da artmasına səbəb oldu. Bütün dünyanın diqqətini özünə cəlb edən Bakı, həm də dünyanın yüzlərlə ölkəsindən olan on minlərlə qonağa bir neçə gün ərzində doğmalaşdı.
Bu tədbirin mənzərəsinə əlbəttə ki, sevinənlər də oldu, üzülənlər də. Heç şübhəsiz sevinənlər, qürurlananlar, öyrənmək istəyənlər təcrübə qazanmaq istəyənlər daha çox idi. Pərt olanların başında isə əlbəttə ki, düşmən təəssübkeşləri dayandı. İnkişaf etməkdə olan kiçik ölkələrə riyakarlıq pəncərəsindən baxan Fransanın bir ildir ki, başlatdığı baykot maşını iflasa uğraması ilə gündəmə gəldi.
Dünya-un COP 1995-ci ildən bəri, 29 illik tarixində görünməyən, bənzəri olmayan möhtəşəm, eyni zamanda qətiyyətli sədrliyin şahidi oldu. Müzəffər Prezident cənab İlham Əliyev sessiyanın ilk günlərində keçirilən Liderlər və kiçik ada dövlətlərinin sammitlərində tarixi ədalətdən güc alan siyasi iradəsini, dönməz mövqeyini bir daha ortaya qoydu, qərəzli siyasi oyunlar, kolonial siyasət aparan Qərb dairələrini dünyanın gözü önündə kəskin şəkildə ifşa etdi. COP29 noyabrın 11-dən 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 76 min iştirakçısı ilə qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə dair müzakirələrlə irəliləyərək kiçik zamanda böyük hədəfinə çatdı. Tədbirin ilk günündən aydın göründü ki, heç kim Bakıdan əsas məqsədlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir. BMT-nin Baş katibi Antonio Quterreş də yekun bəyanatında Bakıda əldə olunan razılaşmanın gələcək fəaliyyət üçün möhkəm əsas yaratdığını bildirdi: “COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri kimi, hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik – Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması olduqca mühüm addımdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29-un ən böyük uğurlarından biri də, heç şübhəsiz, 2015-ci il dekabrın 12-də konsensusla qəbul edilərək, 2016-cı il aprelin 22-də imzalanan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən razılaşma – Paris sazişinin 6-cı maddəsinin, nəhayət ki, tam işlək vəziyyətə gətirilməsi oldu.
Bu maddə üzrə qəbul olunan qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməklə atmosferə atılan tullantı miqdarının, emissiyaların azaldılmasına töhfə məqsədi daşıyır. Bəli, COP29-a uğurlu sədrlik etməklə Azərbaycan bu müddətdə ölkəmizə qarşı planlanan bütün təxribatların qarşısında mətnliklə dayandı, konfransı əsl məramından kənarlaşdırmağa, hədəfindən çaşdırmağa çalışan xarici və daxili qüvvələrin bədnam niyyətlərini ürəyində qoydu.
Elşad Möhnətov;
Neftçala rayonu
Ən son xəbərləri səhifəmizdən də izləyin