İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə 11-ci Sistemli İnnovasiyalar Vörkşopu keçirilib. 14 ölkədən ümumilikdə 40-dan çox qonağın qatıldığı tədbirdə dövlət rəsmiləri, bələdiyyə nümayəndələri, icra başçıları, startaplar, QHT nümayəndələri, inkubasiya və akselarasiya mərkəzlərinin rəhbərləri, eləcə də sahibkarlar və investorlar iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin layihə rəhbəri Massamba Tioye açılış nitqi ilə çıxış edib. Təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verən M. Tioye iqlim dəyişmələrinə qarşı mübarizədə texnoloji, sosial və maliyyə innovasiyalarının əhəmiyyətinə diqqət çəkib: “Bizim yanaşmamızın əsasında texnologiya, siyasətlər və maliyyə vasitələrinin vəhdəti durur. Bugünkü vörkşop bu prinsiplərdən yola çıxaraq potensial innovativ həll yollarını araşdırmaq məqsədini daşıyır ”.
Daha sonra İRİA-nın sədri İnarə Vəliyeva çıxış edib. Nitqində o, Azərbaycanın rəqəmsal transformasiya səyahətində əldə etdiyi uğurlar, rəqəmsal hökumət həlləri haqqında ətraflı məlumat verərək ölkənin qlobal EHİİ indeksində irəliləyişi və innovasiyaların dayanıqlı inkişafa mühüm töhfə verdiyini bildirib. O, həmçinin İRİA olaraq Azərbaycanın rəqəmsallaşma təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsi və bu xüsusda əməkdaşlığı dəstəkləyən mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. “Biz iqlim fəaliyyəti və dayanıqlı inkişaf üçün innovasiya və təcrübə mübadiləsi üzrə əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyirik. Əminəm ki, bu müzakirə platforması maraqlı tərəflər üçün real imkanlar yaradacaq”, - deyə Agentlik sədri qeyd edib.
Tədbirin davamında “Dayanıqlı gələcək üçün şəhər və kənd mühitində vətəndaşyönümlü həllər və çağırışlar” mövzusunda panel diskussiyası keçirilib. Masamba Tioyenin moderatorluğu ilə keçən müzakirələrdə Almaniya, Koreya, Cənubi Afrika, Uqanda və Azərbaycandan olan nümayəndələr iştirak ediblər. Müvafiq ölkələrin innovativ transformasiyası üzrə qabaqcıl təcrübə mübadiləsi haqqında fikir paylaşımı baş tutub.
Vörkşopun interaktiv hissəsində iştirakçılar qruplara ayrılaraq çağırışların prioritetləşdirilməsi, transformasiyası və qlobal innovasiya layihələrini əhatə edən mövzular üzrə dəyərləndirilməsini həyata keçiriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin