Oktyabrın 28-də Gəncə şəhərinin AMEA Gəncə Bölməsində Azərbaycan Milli Kulinariya Assosiyasiyasının (AMKA) "Qərbi Azərbaycanın şirin inciləri” adlı kitabının növbəti təqdimat mərasimi keçirilib.
innews.media xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının növbəti təqdimatı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təqdim olunan kitab haqqında ümumi məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov layihənin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi dəstəyi ilə Azərbaycan Milli Kulinariya Assosiyasiyasında ərsəyə gəldiyini vurğulayıb: "Qərbi Azərbaycan mətbəxini biz çoxdan toplayırıq. Bakı və Lənkərandan sonra hazırda Gəncədə növbəti təqdimatını etdiyimiz "Qərbi Azərbaycanın şirin inciləri" kitabında Qərbi Azərbaycanın mətbəxi və şirniyyatlarının tarixi haqqında da məlumat verilir. Yüzdən çox şirniyyatın hazırlanma qaydaları, maraqlı şəkilləri ilə birgə bu kitabda qeyd olunub. Bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitabın özünəməxsusluğu ondadır ki, ilk dəfə rəssamlarımız tərəfindən Qərbi Azərbaycan şirniyyatlarının rəsmləri çəkilib. Kitab çox gözəl tərtib olunub. Layihənin üzərində bir çox hörmətli insanlar işləyiblər. Bu gözəl kitabı ərsəyə gətirməyimizdə əsas məqsədimiz Azərbaycanımızın milli mətbəx mədəniyyətini, onun tarixini, unudulmuş kulinariya incilərini toplayaraq, gələcək nəsillərimizə və bütün dünyaya ərməğan etməkdir. Kitabı elə bu səbəbdən həm doğma dilimizdə, həmçinin ingilis dilində hazırlamışıq".
Kitabın üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı şirniyyatların rəsmlərinin yer aldığını vurğulayan T.Əmiraslanov kitabda un və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatların ətraflı şəkildə təsvir olduğunu qeyd edib: "Bu kitab 2020-ci ildə cap olunan və dünyanın ən yaxşı kulinariya kitabı elan edilmiş “İrəvan Xanlığı bölgə mətbəxi” layihəsinin davamıdır. Kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında yazı yer alır. Son üz qabığında isə "Kəvər" adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır. Hazırda arxiv materrialları əsasında “XIX əsr İrəvan şəhərinin mətbəxi” kitabının hazırlanması istiqamətində işlər gedir".
AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev təqdim olunan kitabı yüksək dəyərləndirərək, onun mahiyyəti və vacibliyindən söz açıb. O, bu kitabla birgə digər kulinariya kitablarında qeyd olunan xörək və şirniyyatların patentləşdirilməsinin, müəllif hüquqlarının alınmasının vacibliyindən danışaraq, ermənilər tərəfindən mətbəximizi özününküləşdirməyin qarşısının alınmasında patent və müəllif hüquqlarının böyük rolu olacağını vurğulayıb.
F.Əliyev Gəncə süfrəsi ilə bağlı müəlliflərlə yeni bir kitabın hazırlanacağını qeyd edərək, Akademiyada çap olunan kitabları müəlliflərə təqdim edib.
Lahiyənin digər rəhbəri və kitabın həmmüəllifi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçisi Aynurə Əmiraslanova Qərbi Azərbaycan şirniyyatları ilə Gəncə şirniyyatları arasındakı bağlılığın, oxşarlığın mahiyyətindən danışaraq, bu şirniyatların əksəriyyətinin Nizami Gəncəvinin kitablarında əks olunduğunu faktlarla nümayiş edib.
Daha sonra kitabın rəyçisi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, AMEA Gəncə Bölməsi Tarix Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri Nərgiz Rəsulova, Azərbaycan Texnologiya Universitetinin qida mühəndisliyi fakultəsinin dekanı Mehman İsmayılov, Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Mərdan Tağıyev, həmin kafedranın dosenti Afət Qasımova, Turizm sənayəsinin təşkili kafedrasının baş müəllimi Fizuli Musayev, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin şirniyyatçı ixtisasının müəllimi Fidan Mahmudova, Zilli şirniyyat evinin qənnadçısı Mətanət Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin üzvü Səlbi Baxış və həmin qurumun məsləhətçisi Aləmzər Əlizadə, layihənin hazırlamasında görülən işi yüksək dəyərləndirərək, kitabın texnologiya alimləri və mütəxəssisləri üçün vacibliyini, həmçinin ali təhsil, eləcə də peşə təhsili müəssələrinin tədris prossesində bu kitabın böyük əhəmiyyətindən danışıblar. Eyni zamanda kitabın bədii, ədəbi və mədəni hadisə olduğunu qeyd edərək, Azərbaycan Milli Kulinariya Assosiasiyasına gələcək fəaliyyət planları ilə bağlı uğurlar arzulayıblar.
Tədbirdə iştirak edən digər alimlər, mütəxəsislər və ictimaiyyət nümayəndələri kitabı mühüm hadisə kimi qiymətləndirərək, öz təbriklərini, eləcə də arzularını bildiriblər.
Sonda tədbir iştirakçılarına Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılaraq, "Nero" nəşriyyatında çap olunmuş "Qərbi Azərbaycanın şirin inciləri" kitabı təqdim edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin